Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komitəsinin nəzdində qurulmuş İmmiqrasiya və İnteqrasiya Komitəsinin üzvləri Türkiyə-İran sərhədində qeyri-qanuni keçidlərə qarşı görülən tədbirlərlə tanış olmaq üçün sərhədə gəliblər.
Bizim.Media xəbər verir ki, komissiya sədri, AKP-dən olan millət vəkili Atay Uslu sərhədə qaçqın axını ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, getdikləri ərazilər son illərdə sərhədi qeyri-qanuni yollarla keçməyə çalışan qaçqınlar, qaçaqmalçılar və terrorçular üçün ən kritik yerdir: "Sərhədin ən ucqar nöqtəsinə getdik. 3500 metr yüksəkliyə qalxdıq. Dövlət sərhəd divarları, yollar çəkir. İnşa ediləcək yol təqribən 1000 kilometr ərazi olacaq".
Uslu bildirib ki, Türkiyə ilə İran arasında sərhəd divarları, işıqlandırma sistemləri, optik sistemlər, sensorlar, gecəgörmə sistemləri, rabitə qüllələri tikilir: "Bütün sərhəd fiziki və texnoloji nəzarət altındadır. Getdiyimiz bölgə sərhədin ən vacib 65 kilometri idi. Burada divar hörmək imkanı olmadığı üçün eni 4 metr, dərinliyi 4 metr olan xəndəklər qazılır".
Uslu Türkiyənin Taliban rejimi ilə heç bir əlaqəsinin olmadığı üçün əfqan qaçqınları geri göndərməyin asan olmadığını deyib:
"İran atəş açaraq qaçqınları sərhədimizə sıxışdırırdı. Hətta sərhədi keçəndə "Türk əsgərləri sizə atəş açmaz, keçib gedin" deyirdilər" (milli.az).
Bizim.Media