Bəzi mütəxəssislərin fikrincə, əgər bir insan 21 gün süni şəkər istifadə etməsə, orqanizmi bu təhlükəli vərdişi unudur və şəkərli qidalara təlabatı olmur. Bu zaman ərzində orqanizmin yaddaşından şəkərin dadı itir və insanın şüuraltı hissləri bir daha şəkər tələb etmir.
Niyə məhz 21 gün?
Elm sübut edir ki, bir davranışın vərdiş halına gəlməsi üçün 21 gün vaxt lazımdır. Bir vərdişi tərgitmək üçün orqanizmə 21 gün kifayət edir ki, onu yaddaşına həkk etsin. Ona görə şəkəri unutmaq üçün bu müddət orqanizm üçün bəs edir. Çünki hər hansı bir qida alışqanlığını bu müddətdə davam ediriksə, artıq orqanizm buna öyrəşir və ona qarşı asılılıq, təlabat olmur.
Qida mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib ki, ümumiyyətlə istehsal üsülü ilə alınan şəkərlərin tərkibi zərərli hesab olunur.
Onun sözlərinə görə, şəkərin ağardılması məqsədilə və ya istehsal prosesində kimyəvi maddələrdən istifadə onun tərkibini daha da zərərli edir.
Bu isə gələcəkdə şəkər xəstəliyinə meyilliliklə yanaşı, orqanizmimizin tez qocalmasına, daxili orqanların funksiyasının pozulmasına da gətirib çıxarı.
Söhbət əsnasında mütəxəssis həmçinin onu da qeyd edib ki, bir insan şəkərdən imtina etdikdə tortlar, kekslər, hazır meyvə suları, meyvəli yoqurtlar və.s, un məmulatlarından hazırlanan bütün məmulatlardan da uzaq durmalıdır.
“Bu zaman qazlı, rəngli içkilərdən və atışdırmalıq çips, çubuqlar, qarğıdalı dənələri və.s imtina etmək mütləqdir. Bu mərhələdə kofe və çaydan da uzaq dursaz yaxşı olar. Çünki istər-istəməz bu içkilərin yanında şirni yemək istəyəcəksiniz”.
Şəkərdən imtina etdiyimiz bu 21 gündə bədən çəkisinə görə maye qəbul etməyin də vacibliyini vurğulayan Məhsəti xanım bildirib ki, suyun miqdarı çəkimizin hər 1 kiloqramına görə 0.30 milliqram hesablanır. Qida mütəxəssisi bu zaman kəsiyində uzun müddət ac qalmağın təhlükəsindən də söz açıb.
“Şəkərsiz qidaya başladıqda qətiyyən uzun müddət ac qalmaq olmaz. Çünki bu zaman qandakı şəkər miqdarınız həddindən artıq aşağı düşə bilər ki, bu da yorğunluq, halsızlıqla müşahidə olunacaq.
Bu zaman biz necə qidalanmalıyıq?
Ekspert bildirib ki, həmin 21 gün gündəlik 5-6 dəfə qidalanmaq lazımdır. Onun sözlərinə görə, gün ərzində yediyimiz qidalar, vitamin, mineral, makro və mikro elementləri özündə ehtiva etməlidir.
“Bundan başqa qida rasionumuzda mütləq şəkildə zülal olmalıdır. Məsələn ət, balıq, toyuq, kefir, süd, qatıq, kəsmik və.s Bu zaman bitki mənşəli zülalları da unutmaq olmaz. Məsələn lobya, noxud, mərci, və.s. Əgər çörək istifadə edəcəksinizsə, bu mütləq şəkildə çovdar, qarabaşaq, yulaf və kinyoadan hazırlanmış olmalıdır. Qida rasionunun digər vacib hissəsi isə həmin dövrdə yeyiləcək mövsünü meyvə və tərəvəzlərdir. Bu zaman quru meyvələr barədə də unutmamalıyıq. Orqanizmin yağ təlabatını ödəmək üçün isə avakado, qoz, badam, fındıq, zeytun istifadə edə bilərik. Gün ərzində 1 qaşıq bal və ya bəkməzlə qidalana bilərik. Çünki təbii şəkər orqanizmin enerji mənbəyidir”.
Sonda dietoloq əlavə edib ki, süni şəkər istifadəçilər bilməlidirlər ki, ağ və qəhvəyi şəkərin tərkibi eyni mənşəlidir. Yəni qəhvəyi şəkərin pəhriz qidası sayanlar tamamilə yanlış fikirdədirlər.
Vüsalə Balayeva, Bizim.Media