“Düşünürəm ki, şəhid ailələri ilə bağlı məsələlər təmamilə texnoloji həllər vasitəsilə elektronlaşmalıdır”.
Bizim.Media xəbər verir ki, jurnalist, texnobloqer Fərid Pərdəşünas öz “Facebook” hesabından paylaşdığı statusda bu təkliflə çıxış edib.
Belə ki, bloqer şəhid ailələri üçün xüsusi kartların hazırlanmasının vacibliyini bildirib:
“Şəhidlərin birinci dərəcəli ailə üzvləri NFC dəstəkli kartlar ilə təmin olunmalıdır. Elektron uçot aparılmalıdır. Bu şəxslər rəsmi qeydiyyatlı kartları ilə bəzi imtiyazlar əldə etməlidir. Məsələn, ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə, növbəli məkanlarda üstünlüklər, dövlət rüsumlu xidmətlərdə güzəşt və azadlıqlar”.
MÖVZU İLƏ BAĞLI:
YAŞAT Fondu şəhid ailələri və qazilərə nə qədər pul xərcləyib?
Fərid Pərdəşünas elektronlaşmanın şəhid və qazi adından istifadə edilməsi nəticəsində baş verən sui-istifadə hallarının da qarşısını alacağını yazıb:
“Bu yolla sistem elektronlaşarsa, bir çox sui-istifadə halları aradan qalxar. Yoxsa banklarda, ictimai iaşə obyektlərində çox xırda məsələlərdə adiyyatı oldu-olmadı bəzi şəxslər şəhid və qazi ailəsi ilə heç bir bağlantısı olmadan onların adından sui istifadə edərək, hay-küylə digər vətəndaşlara qarşı normal davranışlar göstərmirlər. İnsanların emosionallığından istifadə edərək, bu adları saxtacasına istifadə edənlərin mütləq qarşısı alınmalıdır. Çünki, belə olduğu halda digər, həqiqətən dəstək gösərilməli olan insanlar kənarda qalırlar”.
Murad Əhmədov, Bizim.Media