Artıq "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.
Belə ki, Ağdam təmsilçisi H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) ilə yaşıl sahədə öz gücünü sınayacaq.
Bizim.Media “Qarabağ”ın şanslarının necə dəyərləndirdikləri barədə futbol mütəxəssisləri ilə həmsöhbət olub.
MÖVZU İLƏ BAĞLI:
Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO
"Qol.az" saytının redaktoru, əməkdar jurnalist Aydın Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, düşdüyü qrup “Qarabağ” üçün münasibdir.
“Mənim fikrimcə, komandamızın buradan qrup ikincisi kimi ayrılmaq şansı var. Qrupda əsas favorit “Bazel”, güclü komandadır. “Kayrat” da hər zaman ənənəsi olan komanda olub. Keçmiş SSRİ-nin məşhur klublarından biri olub. Kipr komandası yenə də Azərbaycana rəqibdir. Onlarla oyunlar hər zaman “Qarabağ” üçün narahat keçir, məni bir az bu narahat edir. Ancaq digər tərəfdən sevincli hal odur ki, “Qarabağ”a ikinci mövsümdən ikinci nəfəs gəlib, yenilənib. Komanda hər oyundan oyuna inkişafa doğru gedir, yerli futbolçuların səviyyəsi artır,kluba güclü legionerlər cəlb olunub. Düşünürəm ki, bunun sayəsində “Qarabağ” qrup ikincisi olub, növbəti mərhələyə vəsiqə qazanacaq və bununla da Azərbaycan futbol tarixini növbəti dəfə yenidən yazacaq”.
Futbol meneceri Səbuhi Səfiyarlı isə Bizim.Media-ya deyib ki, bu komandaların şansları eyni qiymətləndirildiyinə görə, demək olar ki, qrupda favorit yoxdur.
“Qrupda “Qarabağ” a əvvəldən arzuladığımız rəqiblər düşüb. Bu qrupda “Bazel” bəlkə bir az üstün sayıla bilər. Ancaq mənim fikrimcə, “Qarabağ” qrupda olan komandaların heç birindən zəif deyil. “Kayrat” da bildiyimiz kimi Çemponlar Ligasında çox gözəl başlamışdı və İsrail çempionunu məğlub edib. Həmçinin kluba təyin olunan yeni baş məşqçi Qurban Verdiyev də çox gözəl mütəxəssisdir və komanda qurmağı bacarır. Komandanın büdcəsi də yaxşı oyunçuların cəlb edilməsi üçün imkan yaradır. Ona görə o da asan rəqib sayılmaz. “Qarabağ” demək olar ki, bu komandalarla öz meydanında keçirəcəyi oyunları qələbə ilə başa vura bilər.
Həmçinin səfərdəki qarşılaşmada da həm “Kayrat”la, həm də “Omoniya” ilə yaxşı nəticə əldə etməyə ümid edə bilərik.
Mənim fikrimcə, “Qarabağ” bu qrupdan birinci olmasa da ikinci yerlə çıxmağa iddia edəcək. Ancaq “Kayrat” özü də ikinci yer üçün mübarizə aparmağa cəhd edəcək. Düşünürəm ki, burada əsas mübarizə “Qarabağ”, “Bazel” və “Kayrat” arasında gedəcək. Mən üç komandanın şansını eyni hesab edirəm. Ancaq “Omoniya”nı da nəzərdən çıxarmaq olmaz”.
Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da gerçəkləşəcək.
Vüsalə Balayeva, Bizim.Media