Bakı ətrafı ərazilərdə internet problemi köklü şəkildə həll edilir. Bundan ötrü yeni nəsil texnologiyaların tətbiqinə başlanılıb.
Bu barədə Nəqliyyat və Yüksək Rabitə Texnologiyaları Nazirliyindən Bizim.Media-ya bildirilib.
Məlumatda deyilir ki, yeni nəsil “Simsiz rabitə” şəbəkəsi olan LTE (Long Term Evolution) texnologiyası üzərindən sakinlərin uzun zaman mövcud olan telefon çəkilişi və internet xidmətləri ilə təchizat çətinliyini aradan qaldırıb.
İstifadəçilər “simsiz” şəbəkəni dətəkləyən xüsusi avadanlıq əldə etməklə rabitə xidmətlərindən yararlana bilirlər. Bu qəbuledici avadanlıq baza stansiyalarından daxil olan siqnalı istifadəçinin evinə ötürmək və stabil saxlamaq imkanına malikdir.
Eyni zamanda “Baktelecom” tərəfindən Bakı və ətraf ərazilərdə yerləşən fərdi evlərdən ibarət yaşayış massivlərində “Evədək optika” layihəsinin icrasına da başlanılıb.
İlkin mərhələdə isə layihə yeni və köhnə yaşayış binalarında mövcud mis xətlərin ləğv edilməsi və yerinə müasir standartlara cavab verən optik infrastrukturun qurulması istiqamətində icra edilir.
GPON (Gigabit Passive Network) texnologiyası əsasında tətbiq edilən bu layihə bir optik xətt üzərindən istifadəçilərin telefon, internet və televiziya xidmətlərinə qoşulmasına imkan yaradır.
Texnologiya telefon xətlərindən aslılığın olmaması, 100 Mbit/s-ə qədər qoşulma sürəti kimi üstünlüklərə malikdir.
Gülşanə Mustafayeva, Bizim.Media