Son zamanlar avtomobil qiymətlərindəki artım azərbaycanlı alıcıları xarici bazarlara yönlənməyə məcbur edib. Xüsusilə də, qəzalı vəziyyətdə olan maşınların qiymətinin daha ucuz olması, onlara yönələn tələbatı daha da artır.
Vəziyyəti fürsət bilən bəzi işbazlar isə, bu “variant”dan məharətlə istifadə edərək insanları aldadırlar. Bir çox hallarda ağır qəza keçirmiş avtomobillər təmir edilərək, uzun yol qət etmişlərin isə yürüş məsafəsi geri çəkilərək alıcılara təqdim olunur.
Məsələ ilə bağlı avtomobil eksperti Elməddin Muradlı fikirlərini Bizim.Media ilə bölüşüb.
Mütəxəssis ölkəyə gətirilən maşınların acınacaqlı vəziyyətindən gileylənib:
“Xarici ölkələrdən gətirilən maşınlarla bağlı problemlər həqiqətən də çoxdur. Bu cür problemlər bəzi hallarda təhlükəli həddə gəlib çatır. Həmin avtomobillərdə insanların həyatını təhlükə altına atan amillər sırf kimlərinsə maddi marağından irəli gəlir. Daha çox pul qazanmaq məqsədilə öz həmvətənlərinə ziyan vururlar. Buna nümunə olaraq Gürcüstandan gətirilən avtomobilləri misal göstərə bilərik. Həmin avtomobillər daha çox bərbad vəziyyətdə olur və əksər hallarda qəzalı durumda olan maşınlar ölkəmizə gətirilir”.
MÖVZU İLƏ BAĞLI:
Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur? – MƏLUMATLAR DAĞILIR
Elməddin Muradlı insanların necə aldadıldıqlarını da qeyd edib:
“Qəzalı avtomobillərin ölkəyə gətirilməsində isə gürcüstanlıların, azərbaycanlıların bəzən isə, təəssüf ki, ermənilərin rolu olur.
Onlar dünyanın müxtəlif bölgələrindən qəzalı vəziyyətdə olan avtomobilləri Gürcüstana gətirirlər. Daha sonra isə oradakı sexlərdə avtomobillərə kosmetik dəyişikliklər edilir, təmir olunur və bəzən yürüş məsafəsini də geri çəkirlər”.
Ekpert qəzalı avtomobillərin sirlərinin yol-nəqliyyat hadisələri zamanı gün üzünə çıxdığını bildirib:
“Həmin avtomobillər isə qəzalar zamanı daha çox nəzərə çarpır. Bəzən yol-nəqliyyat hadisələrindən sonra maşınların ikiyə bölündüyünə şahid oluruq. Hətta Almaniya və Yaponiya istehsalı olan avtomobillərin belə kiçik qəzalardan sonra parçalandığı müşahidə olunur. Buna səbəb isə, maşının ön hissəsinin bir, arxa hissəsinin isə digər avtomobilə məxsus olmasıdır”.
Elməddin Muradlı təhlükə saçan avtomobillərin insanların ölümü ilə nəticələnən qəzalara səbəbiyyət verməməsi üçün görülməli olan tədbirləri də qeyd edib:
“Bir çox ölkələrdə bu cür halların baş verməməsi üçün qanunvericiliyə əsasən müəyyən tədbirlər görülür.
Belə ki, avtomobillər sərhəddən keçərkən buraxılış məntəqələrində texniki cəhətdən müayinə edilir və təhlükəli vəziyyətdə olanlar ölkəyə buraxılmır. Bununla da ağır qəza keçirmiş iknci və üçüncü əl avtombillərin ölkəyə gətirilməsinin qarşısı alınır.
Düşünürəm ki, sərhəd xidmətinə, gömrük orqanlarına avtomobillərin müayinə olunması üçün ə clavə səlahiyyətlər verilməlidir və bir neçə dəfə bu cür hallara yol verənlər məsuliyyətəəlb olunmalıdır. Yəni hüquqi mexanizm tətbiq olunmadan bunun qarşısını almaq çətindir”.
Murad Əhmədov, Bizim.Media