İmtahan suallarından NARAZILIQ – DİM-dən tələbələrə CAVAB

İmtahan suallarından NARAZILIQ – DİM-dən tələbələrə CAVAB

Hazırda oxunan: İmtahan suallarından NARAZILIQ – DİM-dən tələbələrə CAVAB

31884

Dövlət İmtahan Mərkəzinin (DİM) 14 iyulda keçirdiyi buraxılış imtahanı ciddi narazılığa səbəb olub. 

Bu barədə bir qrup tələbənin Bizim.Media-ya ünvanladığı məktubunda qeyd edilib.

DİM-in III qruplar üçün keçirdiyi Tarix fənni üzrə imtahanın 53-cü sualının düzgün cavabı ilə bağlı qurumla tələbələr arasında problem yaşanıb. 

Tələbələrin dediyinə görə D variantı 53-cü tarix sualında problemli sualla bağlı düzgün cavabı DİM 1,4 götürüb, halbuki 3 də dogrudur:

“Çox abituriyent də düzgün cavab kimi 3-ü qeyd edib. Amma DİM düzgün saymır. Biz DİM-dən onların özlərinin daxili qurumu olan apellyasiya şikayəti vermişik. Sonradan tarix müəllimi kimi özünü təqdim edən şəxs əlaqə saxlayıb məsələni belə əsaslandırdı ki, mövzu ilə bağlı orta məktəbin Aəzrbaycan tarixi dərsliyində fəal mübarizə yazılıb, müharibə yox. Ona görə də DİM 3- cü cavabı dogru götürməyib. Halbuki dərsliklərə əsasən Teymurilərlə Səfəvilərin mübarizəsi olub. Çünki burada səfəvilər dövlət kimi yox ümumi olaraq götürülüb. Dərsliklərə əsasən Ərdəbil hakimliyi həm də Səfəvilər kimi götürülür. Belə ki, 2018-ci il 7-ci sinif Azərbaycan tarixi dərsliyinin 82 və 83-cü səhifəsində 1405-ci il Kür çayı sahilində döyüşdə Səfəvilərin Ərdəbil hakimliyi Şirvanşahlarla bərabər Teymurilərə qarşı vuruşub. Eyni zamanda həmin dərsliyin 105-ci səhifədində qeyd olunur ki, Uzun Həsən Teymurilərə qarşı öz müridləri ilə mübarizə apardığı üçün Şeyx Heydəri Ərdəbildə hakimiyyət başına gətirir. Həmçinin 10-cu sinif 2017-ci il Azərbaycan tarixi dərsliyinin 27-ci paraqraf 116-və 117-ci səhifəsində Ərdəbildə teymurilərə qarşı üsyanların qalxdığı qeyd olunur.
 

Bütün bunlar Teymurilərin Səfəvilərə və ya əksinə Səfəvilərin Teymurilərə qarşı mübarizəsi deyil nədir? Bir dövlətin tərkibində başqa dövlətə qarşı fəal mübarizə müharibə deyilsə, nədir? Müharibə sayılmır?”


Narazı tələbələrin sözlərinə görə DİM-in eksperti Hafiz Cabbarov bu sualla bağlı arqumentində qeyd edib ki, adıçəkilən döyüşlərdə Səfəvilər birbaşa yox, köməkçi qüvvə kimi iştirak edib.

Buna görə də bu döyüşlər Teymurilərin Səfəvilərlə mübarizəsi kimi götürülməyib:

“Bu arqumentdən yola çıxaraq belə qənaətə gəlmək olar ki, Amid, Dzirav və Kafissiya döyüşlərində də Albanlar Sasanilərin tərkibində köməkçi qüvvə kimi iştirak edib. Halbuki dərsliklər və Dövlət İmtahan Mərkəzi bu döyüşləri Albanların Roma və Ərəblərlə mübarizəsi kimi götürür. Bütün bu arqumentlər sübut edir ki sualda 1,4 yox 1,3 və 4 cavabı düzgündür”. 

Məsələyə Dövlət İmtahan Mərkəzi ilə birgə aydınlıq gətirməyə çalışdıq. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında 14 iyulda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən qəbul imtahanında istifadə edilən tapşırıqların məzmunu ilə bağlı abituriyentlərdən daxil olan bütün müraciətlərin araşdırıldığını qeyd edib:
 

“Həmin qrupda tarix fənni üzrə test tapşırığının məzmunu ilə bağlı tapşırığa doğru cavab verməyən 31 abituriyent DİM-in Apelyasiya Komissiyasına müraciət edib. Bildirək ki, III ixtisas qrupu üzrə keçirilən imtahanlarda 21 mindən çox abituriyent iştirak edib.


Apellyasiya komissiyasına müraciət edən bütün abituriyentlərin hər biri ilə (onların elektron qeydiyyat sistemində seçdiyi əlaqə formasından asılı olaraq ya “ZOOM” proqramı, ya da telefonla) əlaqə yaradılaraq tapşırığın doğru cavabı izah edilib. Göstərilən tapşırığın doğru cavabının fərqli olması ilə bağlı DİM-ə daxil olan müraciətlərin Azərbaycan tarixi dərsliyində verilən bəzi məlumatların və anlayışların az sayda olan abituriyentlər tərəfindən təhrif olunmuş şəkildə qavranılması və ya diqqətsizliklə bağlı olduğu onların nəzərinə çatdırılıb. Bu proses zamanı bütün abituriyentlər verilən izahla razılaşdıqlarını bildiriblər”. 

Xanlar Xanlarzadənin sözlərinə görə tapşırığın doğru cavabı birmənalı və dəqiq olub:

“Həmçinin dərsliklərə və qəbul proqramına uyğundur. Tapşırığın elmi statistik təhlili də bunu bir daha təsdiq edir. Tapşırığın ayırdecilik (diskriminasiya) əmsalı və doğru cavablandırılma faizi kifayət qədər yuxarı olmaqla, doğru cavabı seçənlərin böyük əksəriyyəti orta və yuxarı hazırlıq səviyyəsinə malik olan abituriyentlərdir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO