Qəhrəman övladları “Türkiyəm, səninləyik!” dedilər – VİDEO-FOTO

Qəhrəman övladları “Türkiyəm, səninləyik!” dedilər – VİDEO-FOTO

Hazırda oxunan: Qəhrəman övladları “Türkiyəm, səninləyik!” dedilər – VİDEO-FOTO

31272

“Fire Land Production”ın təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün növbəti dəfə “Mənim atam qəhrəmandır” adlı silsilə tədbir həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən əziz şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini, eləcə də balacaların yoqa təlimlərinə qatılmasını təşkil etmək idi.

Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən start götürüb. 

Ekskursiya avtobuslarında “Yaşa-yaşa, Azərbaycan” mahnısını ifa edərək şəhəri dolaşan şəhidlərin övladları şəhid atalarının rəsmi həkk olunmuş köynəklərdə, dəstək üçün iştirak edən digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimdə tədbirə qatılıblar.

Tədbirin rəsmi hissəsi “Dreamland Golf Club”un ərazisində baş tutub. Tədbirin aparıcısı Leyla Quliyeva qəhrəman övladlarını, xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Aparıcı şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə xanımla tədbirin fəxri qonağı olan Azərbaycanın Xalq artisti, müğənni Röyanı səhnəyə dəvət edib. 

Röya “Sizin kimi ana olmaq istəyirik” deyib, şəhid anasına belə övlad yetişdirdiyi üçün təşəkkür edib. O, həmçinin “Fire Land Production”un rəhbəri Cəlal Qurbanova onu bu tədbirə dəvət etdiyi üçün təşəkkürünü bildirib.

Tədbirdə fəxri qonaq olan Xalq artisti Röya Ayxan öz övladı Hüseynlə iştirak edib.

Balaca Hüseyn də subay şəhidlərimizdən birinin rəsmi həkk olumuş geyimdə tədbirə qatılıb. Tanınmış müğənni uşaqlarla birlikdə “Zəfər himni”ni oxuyub və onlar səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajını göndəriblər. Daha sonra sənətçi iştirakçılar üçün  “Göyərçin” mahnısını da səsləndirib.

Tədbir zamanı qardaş ölkə Türkiyədə baş verən təbii fəlakəti də unutmayan iştirakçılar əllərində Türkiyə bayraqları - “Bu birliklə əzəmətsən, Sən sevgisən, məhəbbətsən - Azərbaycan-Türkiyə!”- şüarını səsləndirib.

Tədbirin sonunda qəhrəman övladlarına “Xarı Bülbül” döş nişanı hədiyyə olunub.

Bizim.Media

 



 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO