Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı Metropoliteninin "Dərnəgül” stansiyasında birgə yanğın-taktiki təlim keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim-məşqin mövzusu "Dərnəgül” stansiyasının 2-ci baş yolunda dayanan qatarın 1-ci vaqonunda baş vermiş şərti yanğının söndürülməsi olub.
Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcıyla məlumat verilib və metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanıb.
MÖVZU İLƏ BAĞLI:
FHN təlim keçirdi - FOTO
Bununla yanaşı, hadisə barədə nazirliyin 112 - qaynar telefon xəttinə məlumat verilib.
Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisənin baş verdiyi ünvana gələrək şərti yanğını qısa müddətdə söndürüblər.
Təlim başa çatdıqdan sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış, metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları barədə məlumat veriblər.
Bizim.Media