Qubanın 49 fədaisi - Daha bir şəhidin adına BULAQ istifadəyə verildi - FOTO

Qubanın 49 fədaisi - Daha bir şəhidin adına BULAQ istifadəyə verildi - FOTO

Hazırda oxunan: Qubanın 49 fədaisi - Daha bir şəhidin adına BULAQ istifadəyə verildi - FOTO

30670

Bu gün Qubanın Qamqam kəndində şəhid Mehrab Niftəliyevin adına əbədiləşdirilmiş xatirə bulağının açılışı olub. Bulaq Qubanın 49 Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilən kompleksin yanında tikilib. Xatirə kompleksində Mehrabın aprel döyüşlərində komandiri olmuş Murad Mirzəyevin, Pəncəli Teymurovun, Azərbaycanın Milli Qəhrəmanları Albert Aqarunovun, Polad Həşimovun, Mübariz İbrahimovun foto-şəkilləri əks olunub. 

Bizim.Media xəbər verir ki, bulağın açılışını edən Mehrabın atası, Söhrab Niftəliyev şəhidlərin xatirə kompleksinin kəndin bir qrup müəlliminin təşəbbüsü ilə yaradıldığını deyib.

O, Qamqam kəndindən Birinci Qarabağ müharibəsində 4 nəfərin -Azad Hidayətov, Mübariz Abdullayev, Xanlar Məmmədov və Münaib Osmanovun, İkinci Qarabağ savaşında isə Elməddin Abdullayev və oğlu Mehrab Niftəliyevin  şəhid olduğunu xatırladıb:

“Kompleksin salınmasında təşəbbüsü olan müəllimlərin bu təklifini bütün kənd camaatı da dəstəklədi. El birliyi və hər kəsin maddi dəstəyilə bu xatirə kompleksi inşa olundu. Mən də öz vəsaitimlə oğlum Mehrabın adına xatirə bulağı tikməklə kompleksi bir az da genişləndirdim. Əziyyəti olan hər kəsə minnətdaram", deyə şəhid atası əlavə edib. 

Mehrabın anası Təranə Niftəliyeva isə oğlu ilə bağlı xoş xatirələrini bölüşüb və onunla fəxr etdiyini dilə gətirib. 

Daha sonra Quba Rayon İcra Başçısı Ziyəddin Əliyev bütün şəhidlərin ruhunu hörmətlə anaraq Vətən müharibəsində Qubanın 49 igid oğlunun qəhrəmancasına vuruşaraq şəhid olmasından danışıb. O, nəinki Quba şəhidləri, Vətən yolunda canını fəda etmiş bütün şəhidlərlə qürur duyduqlarını bildirib. Həmçinin səlahiyyətində olduğu Quba şəhidlərinin ailələrinə hər zaman qayğı və dəstəklərini əsirgəməyəcəklərini deyib. 

İcra başçısı Prezident İlham Əliyevin  təltif etdiyi "Vətən Müharibəsi Qəhrəmanı" ordenini Mehrabın ailə üzvlərinə təqdim edib. 

Xatırladaq ki, 36 yaşlı Vətən  Müharibəsi şəhidi, Xüsusi Təyinatlıların Baş giziri Mehrab Niftəliyev 2020-ci il noyabrın 7-dən 8-ə keçən gecə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O,  Fizuli, Cəbrayıl, Hadrut, Suqovuşanda gedən döyüşlərdə də iştirak edib. Ölümündən sonra "Vətən müharibəsi qəhrəmanı" ordeninə, eləcə də  “Cəbrayılın azad olunmasına görə", Fizulinin azad olunmasına görə," Vətən uğrunda" medallarına layiq görülüb. Qamqamın igid oğlu Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Özündən yadigar 3 övladı qalıb. 

Aytəkin Alxaslı, Alçina Amilqızı, Quba

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO