“Vətən yaxşıdır” - 44 günlük müharibənin ƏBƏDİ DƏRSLƏRİ 

“Vətən yaxşıdır” - 44 günlük müharibənin ƏBƏDİ DƏRSLƏRİ 

Hazırda oxunan: “Vətən yaxşıdır” - 44 günlük müharibənin ƏBƏDİ DƏRSLƏRİ 

30598

1993-cü ildən başlayaraq Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi Heydər Əliyev hakimiyyətinin təməl daşlarından biri idi. Bu yöndə müxtəlif layihələr həyata keçirilir, roliklər hazırlanır, hətta dərsliklərə paraqraflar salınırdı. 

Daxilə həbs olmuş “mən”in azadlığa çıxması

Milli mənlik deyəndə azərbaycançılıq ideologiyasının ilk dərslərinə nəzər salmaq lazımdır. Çünki 1990-cı illərin ilk 4 illiyində ölkədə milli kimliyimizi türk, fars və rus haçasında bölmək istəyənlər az deyildi. Lakin ulu öndər Heydər Əliyevin “biz azərbaycanlıyıq” deməsi milli kimliyi bötövləşdirdi. Elə II Qarabağ müharibəsi də bunu təsdiqlədi. Çünki Azərbaycan adda vətəni uğrunda şəhid və qazi olanlar, müharibə iştirakçıları arasında Azərbaycan vətəndaşı olan ləzgi, talış, avar, yəhudi, rus və başqa millətdən olanlar vardı. Onların hamısı isə Azərbaycan bayrağını azərbaycanlı kimi dalğalandırırdı. Yəni, ayrı-seçkilik yox dərəcəsindəydi. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni cinayətlərini dağıdan HADRUT YUMRUĞU – 44 günlük savaş barədə 44 cümlə...


Milli kimlik bütövləşəndə isə milli mənlik prioritetə çevrilir. Ümumilli lider xalq üçün milli kimliyi vahid hala gətirmişdisə, Prezident İlham Əliyevin müharibədə qazandığı qələbə əsrlərdir ki, xalqın ruhunda dustaq həyatı yaşayan milli mənliyi də azadlığa buraxdı. Hər bir azərbaycanlı dünyanın hər yanında alnıaçıq, məğrur yeriyir. Hər kəsin gözünün içinə şərəfli baxışlarla baxır. Çünki 30 ilə yaxın idi ki, torpaqların işğalda qalması, I Qarabağ müharibəsində şəıhid olanların intiqamının alınmaması ləyaqət məsələsi idi. İstər-istəməz bəzi dövlətlər, xalqlar Azərbaycana töhmətli, minnətli münasibət bəsləyə bilərdi. Ermənilərin 1095 günə işğal etdikləri torpaqları Azərbaycan ordusu 44 günə geri qaytardı.

Bu isə o deməkdir ki, xalqın milli mənliyi hərbçilərin timsalında elə döyüşlər gedərkən əllərindəki qandalları sındıraraq silahlanıb və düşmənə azərbaycanlıların şanlı tarixini xatırladıb. 


Müharibənin şahidi olan azyaşlılar, şəhidlərin yenicə doğulmuş övladları, şanlı zəfər münasibətilə küçələrə axışan, Prezidentin çıxışlarına ayaq üstdə baxan hər bir azərbaycanlı 2020-ci ilə qədər milli mənliyinə bunca yaxın olmayıb. Çünki xalqın milli mənliyini işğal və qətliamlarla qazamata salıb, sülh danışıqlarını uzatmaqla gerçək azərbaycanlı ləyaqətini boğmağa çalışırdılar. Amma Ali Baş Komandanın qəfil əks-hücum əmri ilə azərbaycanlılar əsl azərbaycanlı görkəminə qovuşdular.

Şagirdlər Xudayarın səsi ilə dərsə tələsir

Vətənpərvərlik hisslərinin tərbiyəsi də müstəqilliyin bərpasından bu yana ən önəmli istiqamətlərdən biri olub. Amma etiraf etmək lazımdır ki, Vətən Müharibəsindəki qələbədən sonra bu iş qismən asanlaşıb. Çünki azərbaycanlıların bayrağa, hərbi mundirə olan hörmətləri həm də sonsuz sevgiyə çevrildi. Kişilərlə yanaşı, hər yaşdan olan xanımlar da səngər rənglərinə və bayrağımıza büründülər. Elə şəhid övladları oldu ki, ilk sinifə getdi və onun özünün varlığı sinif yoldaşları üçün vətənpərvərlik dərsidir. Müəllimlər də şagirdlərə dərsdən əlavə vətənpərvərlik hisslərini aşılamağı intensivləşdirdilər. Bəzi məktəblərdə zəng yerinə şəhid Xudayarın oxuduğu “Vətən yaxşıdır” mahnısı səsləndirilir. 

Bunun özü isə II Qarabağ müharibəsini həmin təhsil ocaqlarında oxuyanların hafizəsindən çıxartmayacaq.

Əgər indiki uşaqların, yeniyetmələrin çoxu Vətən uğrunda şəhid olmaq istəyirsə, deməli vətənpərvərlik hisslərinin tərbiyəsi lazımi səviyyədədir. Çünki vaxt var idi, Qarabağın azad olunmasına inanmayanlar da 44 günlük savaşın ilk həftəsindən sonra xidmətə könüllü yazılaraq döyüşə atıldılar. Anladılar ki, Azərbaycan hökuməti mümkünsüz görünən çox şeyin öhdəsindən gəlir. Yetər ki, verilən vədlər yerinə yetirilsin. Möcüzəvi Şuşa əməliyyatı da bunlardan biridir. 

Bu gün Azərbaycan əsgəri Kəlbəcər dağlarından üzü Göyçəyə baxırsa, top məsafəsində İrəvandırsa, bu qürur verməyə bilməz. Çünki cəmi 10 ay öncə düşmənin silah səsi Tərtərdə eşidilirdi. Bu gerçəyi Azərbaycanın mərd oğulları yaratdılar! Şəhidlərin qanı ilə yazıldı bu tarix!

Əlbəttə vətənpərvərlik hisslərinin təbliğatında medianın üzərinə də böyük vəzifə düşür.
 

Müharibə başlayan gün (27 sentyabr) fəaliyyətinə start verən bir saytın əməkdaşı olaraq deyə bilıərəm ki, səngər abu-havası redaksiyamızda da var idi.


Elə xəbərlər olurdu ki, ağlayaraq, informasiyalar da vardı ki, sevinc qışqırtılarının müşayiəti ilə yazıya alırdıq. Məqsədimiz xalqı ruh düşkünlüyünə qapılmaqdan qorumaq, qələbəyə inandırmaq idi. Çünki inanm qazanılan zəfərin yarısıdır. Danışdırdığımız şəhid övladları, valideynlərinin “mənim də canım Azərbaycana fəda, vətən sağ olsun” cavabları isə xalqı yalnız zəfərə kökləyirdi.

Bu həm də insanların yarana biləcək hər bir təhlükə və yeni savaşlara hazır olması deməkdir.

Sonda qeyd edim ki, 44 günlük savaş ərzində ilk dəfə idi ki, qız kimi doğulduğuma heyifslənirdim. Çünki mən də əlimdəki qələmin silahla əvəzlənməsini istəyir və torpaqların azad olunmasına töhfə vermək arzusundaydım.

Bizim.Media 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO