Bu gün bir çox ailələrin dağılmasında, hətta məişət cinayətlərinin baş verməsində əsas səbəblərdən biri xəyanətdir. Lakin xəyanətə qarşı münasibət heç də birmənalı deyil. Xüsusilə də, kişilərin xəyanəti bir çox insanlar tərəfindən normal qarşılansa da, qadınların eyni addımı atması faciə kimi qəbul olunur.
Hətta bəzi din xadimləri iddia edirlər ki, kişilərin xəyanəti din baxımından qəbul edilə bilər, qadınların isə yox. Bu yanaşma həm dini, həm də psixoloji müstəvidə ciddi müzakirələr doğurur.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində xəyanət ümumiyyətlə qəbul olunmur:
“Əgər söhbət evlilik həyatındakı xəyanətdən gedirsə, burada hər iki tərəf bir-birinə sadiq olmalıdır. İslamda kişi də, qadın da ailəsinə xəyanət etdikdə günahkardır. Quranda qeyri-qanuni münasibətlər zina hesab olunur və cəza müəyyən edilir. Heç bir yerdə kişinin istədiyi kimi həyat yaşaması, qadının isə qadağalar içində qalması kimi qayda yoxdur. Hüquqlar bərabərdir. Sadəcə qadın zərif olduğu üçün bəzi məsələlərdə kişinin üzərinə daha çox məsuliyyət qoyulub”, - deyə ilahiyyatçı bildirib.
Din xadiminin sözlərinə görə, İslam tarixi baxımından çoxarvadlılıq dövrün adət-ənənələrindən qaynaqlanıb:
“Zamanla bu, dörd qadınla məhdudlaşdırılaraq, bir qadınla kifayətlənmək tövsiyə olunub. Bugünkü Azərbaycan cəmiyyəti üçün çoxarvadlılıq nə dini, nə də qanuni baxımdan xarakterik deyil”, - deyə o əlavə edib.
Məsələyə münasibət bildirən tanınmış psixoloq Samirə Bağırova isə hesab edir ki, xəyanət nəinki dini, hətta fəlsəfi və ezoterik baxımdan da dağıdıcı amildir:
“Mən müxtəlif dinlərin mənbələrini araşdıranda gördüm ki, İslamdan başqa heç bir din nə çoxarvadlılığı, nə də siğəni qəbul etmir. Hətta Buddizm və Hinduzmdə belə bu hal sərt qaydalarla qadağan edilib. Ezoterik baxımdan ailə quran cütlüklərin ruhu və enerjisi birləşir. Əgər xəyanət, gizli nikah və ya siğə baş verirsə, bu enerji balansı pozulur. Nəticədə kişinin uğurları müvəqqəti olur və həyatının sonunda çöküşlə üzləşir. Psixoloji aspektdən də fərq yoxdur, qadına xəyanət necə təsir edirsə, kişiyə də eyni dərəcədə təsir göstərir”.
Psixoloq əlavə edib ki, sevgi Tanrıya aid olan ülvi hissdir və ona xəyanət, əslində, Tanrıya xəyanət deməkdir:
“Din xadimlərinin bəziləri şəxsi istəklərini əsas götürərək danışır və bu yolla insanları aldatmağa çalışır. Halbuki dinin mahiyyəti insanlara mənəviyyat öyrətməkdir. Mənəviyyatlı və mədəniyyətli insan özü də anlayır ki, xəyanət nə dini, nə də insani baxımdan qəbul edilə bilməz”.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:30 / 23.08.2025
Kişiyə olar, qadına olmaz?! – İlahiyyatçı və psixoloqdan xəyanətlə bağlı FƏRQLİ YANAŞMA
Hazırda oxunan: Kişiyə olar, qadına olmaz?! – İlahiyyatçı və psixoloqdan xəyanətlə bağlı FƏRQLİ YANAŞMA
Hazırda oxunan: Kişiyə olar, qadına olmaz?! – İlahiyyatçı və psixoloqdan xəyanətlə bağlı FƏRQLİ YANAŞMA
266485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.