Sənaye və informasiya texnologiyalarının sürətli inkişafı enerji mənbələrinə olan ehtiyacı günü-gündən artırır. Artıq böyük dövlətlərin əsas iqtisadi strategiyalarını bəsləmək üçün mövcud karbohidrogen ehtiyatları yetərli deyil.
ABŞ, Çin, Böyük Britaniya və Fransa kimi inkişaf etmiş ölkələr yaxşı başa düşür ki, mövcud mövqelərini saxlamaq üçün davamlı inkişafı tempini qoruyub saxlamağa ehtiyac var.
Artan tələbat və əhali sayı bu ölkələri yeni və tükənməz enerji mənbələri axtarmağa sövq edir. Bu baxımdan termonüvə reaktorları yaxın gələcəyin əsas enerji mənbəyi hesab olunur. Bu vaxta qədər ən böyük enerji mənbəyi hesab olunan nüvə reaktorlarının dövrü sona çatıb.
MÖVZU İLƏ BAĞLI:
Çin son 5 ildə ilk dəfə orbitə kosmonavt göndərdi – FOTO-VİDEO
Uran atomunun parçalanması nəticəsində ayrılan enerjidən istifadə fikri XX əsrin ən böyük kəşflərindən biri idi. Bu parçalanma prosesi ciddi enerji əldə etməyə imkan versə də, radioaktivlik və zəncirvari reaksiyaya səbəb olması olduqca təhlükəli nəticələrlə də yadda qalıb.
Çernobıl və Fukusima kimi stansiyalarda baş verən faciələr nüvə reaktorlarına olan tələbatı azaltmaqla yanaşı, təhlükəsiz enerji əldə olunması yolları axtarmağı da şərtləndirib.
“Süni Günəş” yaratmaq uğrunda rəqabət
Yeni elmi kəşflər təkcə atom nüvəsinin parçalanması ilə yox, həm də daha yüngül atomların birləşməsi nəticəsində böyük enerji əldə etməyin mümkün olduğunu ortaya qoyur. Sərhədsiz enerji əldə etməyə imkan verəcək bu reaksiyaları icra etmək üçünsə, Günəşdən dəfələrlə böyük temperaturların əldə olunmasına ehtiyac var. Məhz bu səbəblə termonüvə reaktorlarını bəzən “Süni günəş” də adlandırılır.
Əgər bu ehtimal reallaşarsa, termonüvə reaksiyası nəticəsində sonsuz və tükənməz enerji mənbəyi əldə etmək mümkün olacaq. Müxtəlif təcrübələrin aparılması və termonüvə reaksiyaları nəticəsində enerji əldə olunması məqsədilə bir sıra ölkələrdə artıq yeni reaktorlar işə salınıb. İlk olaraq Fransa və Böyük Biritaniyada işə salınan bu cür termonüvə reaktorları bu günədək gözlənilən nəticəni verməyib.
Lakin bu istiqamətdə uğurlu nəticələr də mövcuddur. Yaxın günlərdə Çinin Hayfey şəhərində yerləşən Fizika institutunda termonüvə reaktorunda plazmanın 120 milyon dərəcə selsiyə qədər qızdırılması prosesi həyata keçirilib. “EAST” adlanan termonüvə reaktorunda əldə edilən temperaturu 100 saniyə müddətində qoruyub saxlamaq mümkün olub. Çin alimlərinin yeni hədəfi isə bu temperatur göstəricisini bir həftə müddətində qorumağı bacarmaqdır.
Qeyd edək ki, daha əvvəl Cənubi Koreyada fəaliyyət göstərən “Kstar” termonüvə reaktoru plazmanın 100 milyon selsi temperatura çıxarmağı və bu göstəricini 20 saniyə müddətində qorumağı bacarmışdı. Çində icra olunan təcrübə isə bu istiqamətdə əldə olunan ən yaxşı nəticədir.
4-cü sənaye inqilabı? Yoxsa...
Tədqiqatlar yaxın 20 il müddətində termonüvə reaksiyalarını daha uzun müddət stabil saxlamağın mümkün olacağını göstərir. Bu isə enerji sahəsində yeni inqilabın başlanğıcı deməkdir. Dövlətlərin sonsuz enerji mənbəsi əldə etməsi iqtisadiyyatın və sənayenin mövcud vəziyyətdən dəfələrlə sürətli şəkildə inkişafına səbəb olacağı aydındır.
İqtisadi göstəricilərə görə, dünya liderliyinə yüksəlməyi hədəfləyən Çin, bu prosesdə enerjiyə olan tələbatı çox yaxşı başa düşür.
Çinin 2033-cü ilə qədər strateji planlamasında 110 yeni nüvə reaktorunun tikintisi nəzərdə tutulur. Bu məqsədlə 786 milyard dollar vəsait xərcləməyi düşünən Çin nüvə sənayesi sahəsində ABŞ-ıda qabaqlayaraq liderliyə yüksəlməyi planlaşdırır.
“Süni Günəş”-in yaradılması istiqamətində də ən istəkli tərəfin məhz Çin olduğu görünür. Nüvə reaktorlarına parallel olaraq termonüvə reaktorlarının yaradılması istiqamətində iş aparan Çin yaxın 50 illik periodda dünya enerji nəhənginə çevrilməyi hədəfləyir.
Enerji sahəsində yeni iqilabın gerçəkləşməsi dünya tarixini və svilizasiyanın inkişaf sürətini dəyişdirəcəyi aydındır. Artıq bəşəriyyətin kosmik çağa qədəm qoyduğunu nəzərə aldığımızda sonsuz enerji mənbələri insanlığın yeni keyfiyyət halına keçməsinə, bəlkə də, fərqli sivilizasiyaların kəşfinə təkan verəcək.
Rəvan Əliyev, Bizim.Media