Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi gecə atəşə tutması nəticəsində dörd nəfər ölüb, daha 20 nəfər müxtəlif xəsarətlər alıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko bildirib.
“Artıq paytaxtda dörd nəfər həlak olub. Bir neçə ərazidə axtarış-xilasetmə işləri davam edir”, – mer qeyd edib.
Onun sözlərinə görə, yaralanan 20 nəfərdən 16-sı xəstəxanaya yerləşdirilib.
Yerli KİV-ə görə, 6 iyun gecəsi Rusiya qoşunları Kiyevi dronlar və ballistik raketlərlə atəşə tutub. Yanğınlar və qəlpələrin düşməsi şəhərin azı üç rayonunda qeydə alınıb.
Kiyevlə yanaşı Ukraynanın bir sıra digər şəhərləri də raket hücumlarına məruz qalıb. Ternopildə əsas infrastruktur obyektlərinə zərbələr endirilib, elektrik enerjisi kəsilib. Lutskda isə hündürmərtəbəli binaya endirilən zərbə nəticəsində 5 nəfər yaralanıb. Bundan əlavə, hücumlar nəticəsində Xmelnitski, Çerniqov və Lvovda da bir sıra yaşayış və qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəyib.
Bizim.Media