“Hava məqliyyatı xalqları və ölkələri bir-birinə yaxınlaşdıran vacib bir ünsürdür”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya deyib.
O qeyd edib ki, bu gün "AJet" şirkətinin Naxçıvan havalimanına ilk uçuşu baş tutub.
“Bu əlamətdar hadisənin xeyirli və uğurlu olmasını diləyirəm. Bildiyiniz kimi, uzun illərdir Türk Hava Yolları Naxçıvana uçuşlar həyata keçirirdi. Bu gündən etibarən isə bu vəzifəni "AJet" davam etdirəcək. Həftədə iki dəfə — çərşənbə axşamı və şənbə günləri olmaqla İstanbul-Naxçıvan-Gəncə üzərindən reyslər təşkil olunacaq.
Hava nəqliyyatı xalqları və ölkələri bir-birinə yaxınlaşdıran vacib bir ünsürdür. Ümid edirəm ki, şirkət münasib qiymətlərlə İstanbul ilə Naxçıvan arasında bir körpü rolunu oynayacaq və onsuz da bir-birinə yaxın olan xalqlarımızı daha da yaxınlaşdıracaq”.
Asip Kaya həmçinin vurğulayıb ki, bizim əsas gözləntimiz, bu uçuşların sayının həftədə iki dəfə ilə məhdudlaşmaması, gələcəkdə daha sıx və birbaşa reyslərin həyata keçirilməsidir.
“İnşallah, yaxın zamanda Naxçıvandan birbaşa İstanbul uçuşları da baş tutar. Bu yeni addımın Naxçıvanımız və ölkəmiz üçün xeyirli olmasını diləyirəm. Əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Bizim.Media