AFFA İcraiyyə Komitəsinin qərarı ilə bu mövsümdən etibarən Premyer Liqada komanda sayı artırıldı. Bu qərardan sonra idman prinsiplərinə uyğun olaraq Birinci Liqada ilk 3 yeri tutmuş komandalar elitaya buraxıldı. Çempion “Qəbələ”dən başqa 2-ci və 3-cü yeri tutmuş “İmişli” və “Karvan” da yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq.
“Qəbələ”nin lisenziyalaşdırma ilə bağlı heç bir problemi olmasa da, “İmişli” və “Karvan”ın Premyer Liqaya qayıtması bəzi çatışmazlıqlarla müşahidə olunur. Düzdür, AFFA hər iki komandaya lisenziya versə də, onların xüsusilə infrastruktur baxımından ciddi problemləri var.
Əsas məqam da stadion amili ilə bağlıdır.
Belə ki, həm “Karvan”, həm də “İmişli”nin arenaları Premyer Liqa standartlarına cavab vermir. Xüsusilə də stadionların ot örtüyü bərbad vəziyyətdədir. Məsələlərin həlli üçün federasiya klublara 1 il möhlət verib. Hətta son xəbərlərə görə federasiya xüsusilə qazon məsələsinə ciddi yanaşır və hər iki kluba örtüyün süni olmasını qadağan edib.
Bəs görəsən hazırda stadiola bağlı son vəziyyət nə yerdədir? Doğrudan mı, arenaların qazonları ilə bağlı AFFA tərəfindən belə bir qadağa qoyulub?
Məsələ ilə bağlı “Karvan” klubunun meneceri Bəhruz Əsgərov Bizim.Media-ya açıqlamasında qazon məsələsi ilə bağlı AFFA-dan heç bir təlimat almadıqlarını deyib:
“Hazırda stadionun təmiri ilə bağlı işlərlə məşğuluq. Bir neçə şirkətlə danışıq aparırıq, layihə smeta sənədləri hazırlanır. Bütün bu məsələlər bitdikdən sonra tikinti işlərinə başlanılacaq. AFFA-dan bizə stadionun ot örtüyü ilə bağlı hansısa təlimat və qadağa gəlməyib.
Stadionun qazonunun süni olması planlaşdırılıb. Bu ən son texnologiya ilə hazırlanmış süni örtük olacaq. İşləri elə aparmaq istəyirik ki, avqustda mövsümün startında öz stadionumuzda oynaya bilək. İnanıram ki, həmin vaxta qədər bütün işləri yekunlaşdıracağıq”.
Rəşad Rafiqoğlu, Bizim.Media