Bu gün səhər Rusiya Xarkov şəhərinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum edib. Nəticədə dağıntılar yaranıb və xəsarət alanlar var.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şəhərin meri İqor Terexov yayıb.
Onun sözlərinə görə, Xolodnoqorsk rayonunda bir PUA-nın düşməsi nəticəsində yanğın baş verib.
Nəticədə mülki bir müəssisənin binasına, bir neçə şəxsi evə və avtomobillərə zərər dəyib. Terexov bildirib ki, Rusiya Xarkovu ballistik raketlərlə də vurur:
“İki ballistik raketlə Kiyev rayonuna zərbə endirilib. Raketlərdən biri yola, digəri isə çoxmərtəbəli binaların yaxınlığına düşüb. Binalarda pəncərələr sınıb, fasadlar zədələnib.”
Xolodnoqorsk rayonuna edilən zərbələr nəticəsində əvvəlcə üç nəfərin yaralandığı bildirilib, lakin bu rəqəm beşə, sonra isə altıya yüksəlib. Xəsarət alanlar arasında 7 yaşlı oğlan uşağı da var. Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov əlavə edib ki, daha bir uşağa da tibbi yardım göstərilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı dronlarla həyata keçirilmiş genişmiqyaslı hücumdan sonra, rus ordusunun Ukraynaya kütləvi cavab zərbəsi endirə biləcəyi barədə xəbərdarlıq edib.
O, həmçinin bildirib ki, Rusiya həftəlik olaraq Ukraynaya qarşı kamikadze-dron hücumlarının sayını artırır. Təkcə ötən gecə Ukrayna Hərbi Hava Qüvvələri təxminən 500 dron qeydə alıb.
Bizim.Media