Dövlət Sərhəd Xidməti, Elm və Təhsil və Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən "Sərhəd" hərbi-idman oyununda 45 rayonun 165 məktəbini təmsil edən 825 şagird mübarizə aparıb.
Qusar icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar rayonunu təmsil edən "Zeyxur" komandası yarışın respublika mərhələsində 11 komanda arasında II yeri tutmağa müvəffəq olub.
Rayonun Yuxarı Zeyxur kəndində rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovun "Sərhəd" hərbi-idman oyunlarının qalibləri və məktəbin kollektivi ilə görüşü baş tutub.
Görüşdə RİH başçısı Aparatının məsul şəxsləri, Xudat Sərhəd dəstəsinin komandiri, Vətən müharibəsi veteranı, polkovnik Zaur Qasımov, rayonun əlaqədar idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, Yuxarı Zeyxur məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov "Sərhəd" hərbi-idman oyunlarında qazanılmış parlaq qələbə münasibətilə Yuxarı Zeyxur kənd tam orta məktəbinin müəllim və şagird kollektivini, yarışın qaliblərini təbrik edib.
Tədbirdə çıxış edən edən Xudat Sərhəd dəstəsinin komandiri Zaur Qasımov qeyd edib ki, bu qəbildən olan yarışlar gənc nəslin Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında böyük rol oynayır.
Tədbirin sonunda qaliblərə diplom və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.