Avtobus və velosiped zolaqları tıxacları azaldır, yoxsa artırır? – AYNA-dan AÇIQLAMA

Avtobus və velosiped zolaqları tıxacları azaldır, yoxsa artırır? – AYNA-dan AÇIQLAMA

Hazırda oxunan: Avtobus və velosiped zolaqları tıxacları azaldır, yoxsa artırır? – AYNA-dan AÇIQLAMA

249341

Şəhər yollarında avtobus və velosiped zolaqlarının yenilənməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklərin tıxaclara təsiri hələ də müzakirə olunan mövzulardan biridir. Yenilənən avtobus zolaqları ictimai nəqliyyatın sürətini artırmağa kömək etsə də, bəzi sürücülər və sakinlər, bu zolaqların tıxacları daha da artırdığını düşünürlər.

Velosiped zolaqları isə ekoloji və sağlam nəqliyyat imkanı təqdim etsə də, bu dəyişikliklərin uzunmüddətli faydaları hələ tam bəlli deyil.

Bəs həyata keçirilən son  dəyişikliklər tıxac vəziyyətinə necə təsir göstərib?

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasında məqsəd sərnişinlərin vaxt itkisinə məruz qalmadan daşınmasını təmin etməkdir.

“Avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Avtobus üstünlüyünün təmin edilməsi məhz sıxlıq olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Nəticədə  avtobusların bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət vaxtı isə 22 dəqiqəyə kimi azalıb. Əksər marşrutlarda interval qısalıb, sərnişinlərin sayı və onların ictimai nəqliyyata etibarı artıb. Son zamanlar şəxsi avtomobil sahiblərinin bəziləri qısa və orta məsafələrə gediş üçün avtobusdan daha çox istifadə etməyə başlayıblar”. 

O, qeyd edib ki, hazırda paytaxtın 40-a yaxın küçə və prospektində ümumi uzunluğu 112 km xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaqlarla gün ərzində 900 minə yaxın sərnişin daşınır:

“Avtobus zolaqlarının 160 km-ə çatdırılması nəzərdə tutulur. Bu il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə olunub. Bu müddətdə 1 milyon 895 min km-ə yaxın məsafə qət edilib. Əhali arasında velosiped və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsi genişləndirilir”,- deyə o vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO