Rusiya və Almaniya arasında BAKI MÜZAKİRƏLƏRİ – Gizli görüşün SENSASİON DETALLARI

Rusiya və Almaniya arasında BAKI MÜZAKİRƏLƏRİ – Gizli görüşün SENSASİON DETALLARI

Hazırda oxunan: Rusiya və Almaniya arasında BAKI MÜZAKİRƏLƏRİ – Gizli görüşün SENSASİON DETALLARI

248912

Bakı yenidən beynəlxalq siyasətin diqqət mərkəzinə düşüb. Məlumatlara görə, Rusiya və Almaniya siyasi dairələrinin gizli təmaslarının növbəti raundu məhz Azərbaycan paytaxtında baş tutub. Aprel ayında baş tutan görüşdə əsas müzakirə mövzusu Ukrayna müharibəsindən sonra fəaliyyəti dayandırılmış “Peterburq dialoqu”nun mümkün bərpası olub.

Gizli görüşün detalları

Almaniyanın ARD telekanalı və “Die Zeit” nəşrinin yaydığı məlumata görə, danışıqlarda Almaniya Sosial Demokrat Partiyasından xarici siyasət eksperti Ralf Şteqner, federal səviyyədə xüsusi məsələlər üzrə sabiq nazir Ronald Pofalla, eləcə də Şimali Reyn-Vestfaliya hökumətində çalışmış tanınmış xristian-demokrat Stefan Holthoff-Pförtner və “Peterburq dialoqu”nun keçmiş icraçı direktoru Martin Hoffman iştirak ediblər.

Tərəflər danışıqların rəsmi dövlət sifarişi olmadığını və özəl xarakter daşıdığını bildiriblər. Almaniya Xarici İşlər Nazirliyi də görüşlərin federal hökumət adından planlaşdırılmadığını qeyd edib.

Rusiya tərəfini isə “Qazprom”un Müşahidə Şurasının rəhbəri Viktor Zubkov təmsil edib. O, uzun müddət “Peterburq dialoqu”nda Rusiyanın nümayəndə heyətinə rəhbərlik etmiş şəxs kimi görüşdə iştirak edib. Zubkovu Prezident yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev müşayiət edib. Bildirilir ki, bu, son illərdə tərəflər arasında Bakıda keçirilən azı üçüncü belə təmasdır.

Görüş niyə məhz Bakıda keçirilib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, Berlinlə Moskva arasında baş tutan bu təmaslar Almaniyanın postmüharibə dövründə yenidən Rusiyanın neft və qazından faydalanmaq istəyindən qaynaqlana bilər:

“Hazırda beynəlxalq münaqişələrin müzakirə olunduğu və təmasların əldə olunması ilə bağlı iki labüd nöqtə var. Bunlardan biri Türkiyənin paytaxtı Ankaradır. İkincisi isə Azərbaycandır. Bu da ölkəmizin əvvəlki təcrübəsindən qaynaqlanır. Ənənəvi olaraq toqquşan Rusiya və NATO generallarının Bakıda görüşləri oldu. Bakı həmçinin, İsrail Türkiyə görüşünə də ev sahibliyi edir.

Bundan başqa, Bakıda Türkiyə ilə Rusiya arasında da görüşlər keçirildi. Bu mənada, Almaniya ilə Rusiya arasında görüşün Bakıda keçirilməsi də anlaşılandır. Azərbaycan hər iki ölkə ilə strateji əməkdaşlığa gətirib çıxaran münasibətlərə malikdir. Bu isə imkan verir ki, hər iki tərəf üçün konsensusun əldə olunmasında Bakı mühüm rol oynasın”.

Almaniya çətin vəziyyətdə

Almaniya ilə Rusiya arasında Bakıda keçirilən bu görüşə gəldikdə, ekspert qeyd edir ki, Trampın Avropaya diqqəti azaldıqdan sonra, “köhnə qitə” iki dilemma qarşısında qalıb:
 

“Avropa Rusiya ilə ya toqquşmaq, ya da ki, dil tapmaq məcburiyyətində qalıb. Mövcud vəziyyətdə Avropa hər iki kanalı açıq saxlayır. Fikrimcə də, əsas məsələ Avropa ilə Rusiya arasında sülh imkanlarının yoxlanılmasıdır.


Digər tərəfdən, Berlin Moskva ilə danışıqlara gedirsə, bu onun ciddi yanacaq problemlərilə də bağlı ola bilər. Ola bilsin, tərəflər postmüharibə dönəmindən sonra Rusiyanın Almaniyaya yönəlik neft-qaz xətlərinin bərpası istiqamətində ilkin təmaslar aparırlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO