Masallı rayonunda məktəbdə baş verən insident zamanı iki məktəbli qız digər bir qız şagirdə fiziki zor tətbiq edərək ona müxtəlif bədən xəsarətləri yetiriblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Şərəfə kəndində yerləşən orta məktəbdə qeydə alınıb.
Məlumata görə, həmin təhsil ocağının şagirdləri arasında yaranmış münaqişə zamanı 2009-cu il təvəllüdlü kənd sakini olan məktəbli qız digər iki şagird tərəfindən döyülüb.
Nəticədə o, bədəninin sol bud və kürək hissəsində xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb.
Masallı Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, yetkinlik yaşına çatmayan qıza ilkin diaqnoz olaraq bud və kürək nahiyələrinin əziyi qoyulub. Ona zəruri tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğundan evə buraxılaraq ambulator müalicəyə keçirilib.
Hazırda baş verən hadisə ilə əlaqədar araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.