Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinləri ilə icarə müqavilələrinin imzalanması mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Ağalı kəndində təşkil olunan imzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Nazirlik Aparatı və tabeli qurumların məsul şəxsləri, Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd sakinləri, fermer və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev qeyd edib ki, Böyük Qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsinə başlanılması buradakı əhalinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmalarına imkan yaradır və bu isə onların sosial həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olacaq.
Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, bu ərazinin iqlim şəraitinə uyğun, mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirləri görməlidirlər. Müəyyən olunmuş qaydalara (öhdəliklərinə) əməl etməyən sakinlər ilə bağlanan icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək.
Qeyd edək ki, torpaq sahələri suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərin əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticəsinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.
Bizim.Media