Şəhid Ələsgər Mirzəliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mirzəliyev Ələsgər Fərzalı oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu.
Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Ələsgər Mirzəliyevin nəşinin qalıqları doğma yurdu Cəbrayılda torpağa tapşırılıb.
Şəhid Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və Cocuq Mərcanlı kəndinə gətirilib. Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Lələtəpə qəbirstanlığına gətirilib. Hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə şəhidin nəşinin qalıqları torpağa tapşırılıb. Şəhidin tabutuna bükülən bayraq qardaşına təqdim olunub.
Qeyd edək ki, Mirzəliyev Ələsgər Fərzalı oğlu 1969-cu ildə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində dünyaya göz açıb.
Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qoşulub. 1993-ci il oktyabr ayında Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Ələsgər Mirzəliyev naməlum şəhid olaraq İmişli rayonu Şəmmədli kənd məzarlığında dəfn olunan şəhidlərimizdən biri olub. Onun şəxsiyyəti dəqiqləşdirilərək aidiyyatı üzrə təhvil verilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu