Zaqatalada yaşayan avar xalqı məşhur hədik bayramını qeyd edir.
Bu barədə Bizim.Media-ya Kebeloba kənd sakini Fatimat Bullayeva məlumat verib. Onun sözlərinə görə bayram ancaq Zaqatalanın avarların sıx məskunlaşdığı Qəbizdərə, Mazıx, Suvagil, Dardoqqaz və digər kəndlərində qeyd edilir.
“Bu bizim müqəddəs bayramlarımızdan biridir. Bayram ildə bir dəfə - yazda qeyd edilir. Bayram bolluq-bərəkət rəmzi sayılır. Əsas məqsəd yazın gəlişini, təbiətin oyanmasını göstərməkdir.
Bizlər də bu adəti yaşadaraq nəsildən-nəsilə ötürməyə çalışırıq. Demək olar ki, bayram aprel-may ayları ərzində qeyd edilir. Adından göründüyü kimi, hədik bayramında eyni adlı yemək hazırlanır. Digər hədik yeməyindən fərqli olaraq bu hədiyə bizim bölgəyə məxsus məşhur qaxac (ətin çöldə qurudulmuşu) və düyü əlavə edilir. Bundan başqa qarğıdalı, buğda və lobya da hədiyə əlavə olunub birlikdə qaynadılır. Hər evdə 8-10 qazan hədik bişirilir”.
Fatma xanım onu da bildirdi ki, bu bayramda hər qapıda böyük məclislər təşkil edilir və bütün qohumlar, qonşular bura dəvət edilir. Tədbirdə iştirak edə bilməyən qocalar, xəstələr üçün evə pay göndərilir. Həmçinin bayramda əsas adət hədiyin bir insan üçün qaba 7 dəfə çəkilməsidir.
Bundan başqa məclisdə təkcə hədik deyil, avar xalqına məxsus digər milli yeməklərdən maxara da bişirilir.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu