Gələcəkdən GİZLİ İŞARƏ - Şüuraltının yuxularımıza təsiri var?

Gələcəkdən GİZLİ İŞARƏ - Şüuraltının yuxularımıza təsiri var?

Hazırda oxunan: Gələcəkdən GİZLİ İŞARƏ - Şüuraltının yuxularımıza təsiri var?

242448

Bütün gün beynimiz və bədən üzvlərimiz hərəkətdə olur və enerji itiririk. Bu enerjini bərpa edən, yorğunluğumuzu çıxaran vasitələrdən biri də yuxudur. Xüsusilə, gecələr normal vaxt ərzində yatmaq günün yorğunluğunu çıxarır.

Bəzi insanlar yatdığı zaman heç vaxt yuxu görmədiyini desələr də, belə insanların sayı azdır.

Çox insan yatarkən müxtəlif hadisələri yuxuda görür. Bəzən yuxuların rəngsiz olduğunu deyirlər, bəzən isə həyatda olmayan, təsəvvürü belə mümkün olmayan nəsnəni yuxuda görmək mümkündür.

Bir sözlə, yuxunun konkret nədən qaynaqlandığı, niyə baş verdiyinin dəqiq izahı olmasa da yuxuya təsir edən məqamların olduğu haqqında müxtəlif mülahizələr irəli sürülür.

Kiminə görəsə yuxu gələcəkdə baş verənlərin xəbərçisi, kiminə görəsə keçmişdə, dünəndə yaşaya bilmədiklərimizin davamıdır.

Bəs şüuraltımızın yuxuya təsiri varmı?

Mövzu barədə Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, bəzi şeylər şüuraltına keçəndə artıq bizim həyatımızda avtomatlaşdırılmış olur:

“Məsələn, avtomobil sürməyi öyrənirik, bu ilk öyrəndiyimiz, əvvəldən tanış olmadığımız bilgi olur deyə şüurüstümüzdə qalır. Xanımlar ilk maşın sürəndə çox narahat vəziyyətdə otururlar, onların yanında radio qoşulmamalı, kimsə danışmamalıdır, idarəetmədə çox əziyyət çəkirlər.

Elə ki, bu, şüuraltına keçir, artıq maşın sürə-sürə telefonla və ya yanındakı insanla danışır, mahnı dinləyir və ya özü oxuyur, yəni hər şey rahat olur. Əslində şüuraltı 0-6 yaş dönəmində tam formalaşmış olur. Biz elə bilirik ki, üç yaşlı uşaq anlamır, onun yanında istədiyimizi danışırıq. Bir də görürük ki, aylar, illər sonra üç yaşında uşağın yanında danışdığımız mövzunu uşaq başqa bir formada bizə qaytarır. Bəzən də uşaqlara şiddət göstəririk, sonra eyni şiddəti ondan biz özümüz görə bilirik”.

Psixoloq bildirib ki, yuxu yarımçıq qalmış yaşantılarımızın davamıdır:

“Bir nümunəyə baxaq: uşaq bir əyləncə mərkəzinə gedir və orada yelləncəkdə yellənir. Ana isə getməli olduğu üçün onu məcbur evə gətirir. Əslində, bunun da öz üsulları var, yəni uşağı getməli olduğun barədə xəbərdar etməlisən, 5 dəqiqədən sonra gedəcəyini və ya saat qurub zəng çaldığı halda gedəcəyini deməlisən və s. Amma bəzi analar var ki, bu qaydaları bilmir və uşağı ağlada-ağlada evə aparır. Uşaq səhər yuxudan duranda anaya deyir ki, ana, mən axşam yuxumda yelləncəkdə yellənirdim. Yəni uşaq yarım qalmış istəyinin davamını yuxuda görür. Şüuraltımızın yuxularımıza birbaşa təsiri var.

İnsanlar arzuladıqları, xəyalını qurduqları, bir sözlə, beynində şəklini çəkdiklərini yuxuda görə bilirlər. Şüuraltının nəinki yuxulara, eləcə də şəxsi həyatımıza, gələcəkdəki həyatımıza çox təsiri var”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO