Xəbər verdiyimiz kimi, bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb.
MÖVZU İLƏ BAĞLI:
Son iki ayda Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI
Maraqlıdır ki, azalma mart ayında da davam edib. Belə ki, bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Nəzərə alaq ki, 2024-cü ildə ölkəyə turist axını 2023-cü il ilə müqayisədə 30 % çox olsa da, 2019-cu il səviyyəsinə çatmayıb.
Azalmanın səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov qeyd edib ki, rəsmi məlumatlara görə bu ilin ilk 2 ayında turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalıb:
“Bu azalma Novruz bayramında da müşahidə edilib. Novruz bayramında ölkəmizə gələn turistlərin sayının azalmasının səbəbi məlumdur. Bildiyimiz kimi, Novruzda ölkəmizə turistlər əsasən Körfəz ölkələrindən gəlir. Bu dəfə də Ramazan ayı Novruz bayramı ilə üst-üstə düşdüyündən oruc tutan müsəlmanlar tətil planlarında dəyişikliklər ediblər. Buna görə də Novruzda gələn turistlərin sayı azalıb”.
Müsahibimiz son 3 ayda gələn turistlərin sayının azalma səbəbindən də danışıb:
“Ölkəmizə əsasən MDB ölkələrindən turistlər gəlir. Quru sərhədlərinin bağlı olması turist axınını səngidir. Məlumdur ki, son dönəmdə turistlər səyahətlərə daha çox üstünlük verirlər. Səyahət üçün də quru yolla hərəkət daha maraqlı olur. Bu mənada quru sərhədlərimizin bağlı olması səyyahların ölkəmizə gəlməsinə imkan vermir.
Son zamanlar təyyarələrin uçuş nöqtələrinin sayının artması, viza prosedurlarının sadələşdirilməsi belə bir inam yaradır ki, yaxın aylarda ölkəmizə gələn turistlərin sayı artacaq”.
Surxay Atakişiyev, Bizim.Media