“Qərb hər cür yolla Dağlıq Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, regiondakı mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”.
Sfera.az bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında deyib.
“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Azərbaycan-Ermənistan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir”, - deyə o, söyləyib.
Şoyqunun fikrincə, Qərb üçün əsas məsələ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etmək. Nazir buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyasını göstərib: "Düşünürəm ki, onların əslində nə işlə məşğul olduğunu izah etməyə ehtiyac yoxdur. Bu baxımdan biz KTMT missiyasının regiona göndərilməsi üzrə işi davam etdirməyi zəruri hesab edirik".
Günay Rəsulqızı