Son vaxtlar Azərbaycanda süni uşaq qidalarının orqanizmə zərərləri ilə bağlı əsassız fikirlər təbliğ olunur. Tarixən də analarımız südəmər uşaqlarını ana südü ilə bəsləyiblər və bu, ən sağlam qida hesab olunub. Hətta belə bir deyim vardı ki, 2 yaşına qədər ana südü ilə bəslənən uşaqlar daha sağlam olar, gec-gec xəstələnərlər.
Amma dövr dəyişdikcə, fikirlər də dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Süni uşaq qidalarının orqanizmə hansı FƏSADLARI var? – Pediatrdan XƏBƏRDARLIQ
Bir vaxtlar ana südünün faydalarından ağız dolusu danışılırdısa, hazırda doğum evlərinin çoxunda əks təbliğat gedir.
Bəzi müasir pediatrlar və ginekoloqlar ana südünün yerinə süni uşaq qidalarının orqanizm üçün daha faydalı olduğunu vurğulayırlar. Bu azmış kimi konkret şirkətin və uşaq qidasının adını resept vərəqəsinə yazaraq analara yalnız bu qidadan istifadə etmələrini tövsiyə edirlər.
Təcrübəsi və bilgiləri aşağı olan analar isə məcbur qalıb həkimin göstərişinə əməl edirlər.
Bu səbəbdən ana südü əvəzinə süni qidadan istifadə günbəgün artır. Yalnış təbliğatla analara “süd versələr, bədənlərinə ziyan olar” kimi fikirlər irəli sürülür. Bir sözlə bəzi həkim və pediatrlar öz çıxarları üçün anaları yalnış istiqamətdə “maarifləndirir”lər.
Mütəxəssislər süd verməyin analara heç bir zərərinin olmadığını deyirlər. Bu, cəmiyyət arasında yayılmış yanlış düşüncədir.
Süni uşaq qidalarının orqanizmə hansı zərərləri var?
Pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirib ki, yeni doğulan körpələr 6 aya qədər ana südü ilə qidalandırılmalıdır:
“Süni qida ilə qidalanan uşaqların bir qayda olaraq mədə-bağırsağında problemlər olur. Onlarda allergik narahatlıqlar baş qaldırır. Çəki artımı baş verir və ən əsası xəstəliklərə qarşı müqavimət çox aşağı olur”.
Doğum evlərinin süni qidaya cəlb etməkdə maraqları
Vaqif Qarayev bildirib ki, həkimlərin bəzisi öz maraqlarına görə anaları süni qidaya cəlb edirlər:
“Bəzən doğum evlərində həkimlər özləri analara süni qidaları təqdim edirlər. Amma mən bunun sistemli şəkildə olduğunu deməzdim. Sadəcə gənc analar bu barədə məlumatlı olmalıdırlar və aldanmamalıdırlar. Həkimin yeni doğulmuş körpəyə süni qida verilməsini təklif etməsi tamamilə yanlışdır və analar bunu qəbul etməməlidirlər”.
“Həkimlər anaları maarifləndirməlidirlər”
Pediatrın sözlərinə görə anaların südü kifayət qədər olmadıqda bunu artırmaq mümkündür.
“Xüsusən birinci hamiləlik zamanı ana orqanizmi hələ adaptasiya olmaya bilər, yetərincə südü olmaya bilər. Amma bu o demək deyil ki, ana südü yoxdursa, dərhal süni qidaya keçməliyik. Doğum evində həkimlər mütləq anaları məlumatlandırmalıdırlar, ana südünü artırmaq üçün nələrə diqqət edilməli olduğunu izah etməlidirlər”.
Sosial şəbəkələrdə nə görürlərsə...
Pediatr onu da qeyd edib ki, bəzən analar özləri uşaqlara süni qida verməyi seçirlər. Bu da kifayət qədər maariflənməmələrindən irəli gəlir.
“Analardan soruşuram ki, südün varsa niyə süni qida verirsən, deyir, hamı verir, mən də verirəm. Bu “hamı” faktoru daha çox sosial şəbəkələrin bəlasıdır. Orda yazırlar ki, mən uşağıma filan şeyi verdim, toppuşdu, çəkisi çoxdu. İnsanlar da sosial şəbəkələrdə nə görürlərsə, onu etmək istəyirlər”,
Nuray, Bizim.Media