7 aya yaxındır ki, Ermənistan mina xəritələrini Azərbaycana vermir. İrəvan kommunikasiyaların açılmasını da ləngidir. Bəzi ekspertlər bütün bunlara görə, üçtərəfli bəyanatın təşəbbüskarını susmaqda ittiham edirlər.
Onları bir sual maraqlandırır ki, Rusiya bəyanatın şərtlərinə əməl etmək üçün Ermənistana niyə təzyiq göstərmir? Digər tərəfdən, bir qrup politoloq İrəvanın üzərinə düşən şərtlərin icrasını gecikdirməsini Ermənistandakı növbədənkənar seçkilərlə izah edir.
MÖVZU İLƏ BAĞLI:
Qərb və Rusiyanın “Qaragöl qarşıdurması” – Tofiq Zülfüqarovdan PƏRDƏARXASI MƏQAMLAR
“Moskva İrəvana təzyiq göstərir, yaxud göstərmir – bunu bilmək olmaz” deyən politoloq Tofiq Abbasov Bizim.Media-ya açıqlamasında bildirdi ki, Ermənistanda vahid, mərkəzləşmiş, dolğun sistem yoxdur və uzun müddət olmayacaq:
“Səbəb təkcə ondan ibarət deyil ki, Ermənistanda hələ seçki keçirilməlidir, hakimiyyət dəyişikliyi baş verməlidir. Ola bilsin ki, Nikol Paşinyan seçkiləri yenidən qazansın, ancaq o artıq başqa fikirdə, fərqli komanda üzvləri ilə hakimiyyətə gələcək. Orada dəyişikliklər çox olmalıdır. Yəni, Azərbaycanın özü də bir çox məsələlərdə tələsmir. Əsas olan odur ki, lazım olan tədbirləri vaxtında görək...
Rusiyaya gəldikdə, Kreml də gözəl anlayır ki, hələ Ermənistanda vəziyyət çox problematikdir. Bununla yanaşı, ermənilərin heç bir hazırlığı yoxdur. Məsəl üçün, bir məqamı nəzərinizə çatdırım: Azərbaycanın Qazax rayonu bölgəsində də 6-7 kənd var ki, biz onlardan almalıyıq. Bunu bilirsiniz, lakin bu məsələni hələki tələsdirmirik, onsuz da onların hamısını alacağıq. Məsələ burasındadır ki, Ermənistan hökumətinin heç bir hazırlığı yoxdur ki, artan qaçqın, məcburi köçkün xidmətini təmin etsin.
Nikol Paşinyan digər erməni quzğunlarının yanında bir az göyərçinfason görünür. Ona görə vaxt bizi bir o qədər də ciddi şəkildə narahat eləmir. Biz imkan veririk ki, Ermənistan iqtisadi cəhətdən münasib bir vəziyyətə gəlib çatsın.
Zənn edirəm ki, seçkilərdən sonra Ermənistanda durum bir qədər müəyyənləşəcək. Çünki qeyri-müəyyənlik situasiyası daim davam edə bilməz. O məqam çatanda isə həm Azərbaycan, həm də Rusiya öz sözlərini deyəcək.
Əlbəttə ki, Azərbaycanın da Ermənistanı hərəkətə gətirməyə vasitələri var. Rusiyanın da orada təzyiq mexanizmləri işləyir. Hələki onların hamısı işə cəlb olunmayıb. Ola bilsin ki, məhz İrəvandakı qeyri-müəyyənlik situasiyasına görə biz tələsmirik. Amma iyunun 20-də onlarda seçkilər baş tutandan sonra vəziyyət duruluğa, predmetli şəkildə həllə doğru dəyişəcək”,- deyə Tofiq Abbasov aşıqlamasını yekunlaşdırıb.
Anar Rəhimov, Bizim.Media