Ötən illərə nisbətən obezdən əziyyət çəkən uşaqlara daha çox rast gəlinir. Əvvəllər uşaqlar çox hərəkət etməkdən kökələ bilmirdilərsə, indi artıq çəki səbəbindən aktivlikləri azalıb. Bu da valideynləri narahat edir. Kimisi düşünür ki, artıq çəkinin səbəbi uşaqların hərəkətsiz qalmalarıdır.
Bəs əsl səbəblər nələrdir?
MÖVZU İLƏ BAĞLI:
Süni uşaq qidalarının orqanizmə hansı FƏSADLARI var? – Pediatrdan XƏBƏRDARLIQ
Pediatr Aytən İsmayılzadə Bizim.Media-ya uşaqlarda yaranan obez probleminin səbəblərindən danışıb. Onun sözlərinə görə, süni qidalardan istifadə uşaqlarda obez probleminə gətirib çıxara bilər:
“Süni qidalarda da yağlar çoxdur. Bu da uşaqlarda kökəlməyə səbəb olur. Artıq çəki onların hərəkət aktivliyini limitləyir. Maraqlısı ondadır ki, bizdə müayinəyə gələn uşaqlar arasında ana südü ilə qidalanan kök uşaqlar aktiv olurlar. Amma süni qida ilə qidalanan kök uşaqlar zəif olurlar. Ana südündə olan yağlarla süni qidalardakı yağlar eyni deyil. Süni qidalardakı yağlar palma, soya yağıdır. Amma artıq çəkinin səbəbi təkcə süni qidalarda deyil, uşaqlar körpəlikdən ana südü ilə qidalanmış olsalar belə yenə də bu hallar baş verə bilər”.
Valideynlərin və bağçaların “fast-food”dan istifadəsi
Aytən İsmayılzadə bildirib ki, artıq çəkidən əziyyət çəkən uşaqların sayının artmasında əsas səbəb yanlış qidalanmadan qaynaqlanır.
“İndi balaca uşaqlara da fast-food yedizdirirlər. Bu yemək növü uşaqlara xüsusilə maraqlı gəlir. Amma həddən artıq yağda qızardılmış toyuqları, kartof friləri uşaqlara yedirtmək olmaz. Hətta bağçalarda da bəzən bu cür yeməklər verilir. Evdə analar tez hazır olsun deyə, həm də uşaqlara bu cür yeməkləri yedirtmək asandı deyə üstünlük verirlər. Amma bu tamamilə yanlışdır”.
Şəkərdən çox istifadə
Pediatr deyir ki, valideynlər uşaqları şəkərdən uzaq tutmağa çalışmalıdırlar:
“Uşaqların şəkərdən asılılıqları var. Şəkərin özünü istifadə etməsələr belə, bir çox qidalarda, hətta acı dadlı qidalarda belə şəkər var. Məsələn, hər sıxılan ketçupda 1 kub şəkər var. Bundan başqa, indi bir çox qida fruktoza qatqılıdır. Bu isə qara ciyərin piyənməsinə gətirib çıxarır. Hətta obez olmayan arıq uşaqlarda belə ikinci dərəcəli qaraciyər piylənməsi görə bilirik”.
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı - bəndinə uyğun olaraq hazırlanıb.
Nuray, Bizim.Media