Dünən Azərbaycanla sərhəd bölgəsində yerləşən Dilican şəhərində Ermənistanın xaricdəki diplomatik nümayəndəlikləri rəhbərlərinin illik seminarı başlayıb. İkigünlük görüşün əvvəlində baş nazir Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan və baş nazirin müavinləri də iştirak ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "hraparak.am" saytı yazıb.
Rəsmi açıqlamaya görə, Nikol Paşinyan çıxışında Ermənistanın xarici siyasətinin prioritetlərinə və məqsədlərinə toxunub.
“Baş nazirin çıxışından sonra xarici siyasət gündəliyində duran məsələlər, mövcud problemlər və onların həlli imkanları müzakirə edilib”, - deyə hökumətin açıqlamasında bildirilir.
Baş nazirin ofisi müzakirənin təfərrüatlarını açıqlamayıb, Paşinyanın çıxışını yaymayıb və hətta onun bəzi hissələrini internetdə yerləşdirməyib. Bu arada, əvvəllər ölkə başçısının çıxışı həmişə yayımlanırdı.
Nəşrə yaxın olan mənbələr deyirlər ki, Paşinyan əvvəlcə Ermənistanın mümkün geosiyasi inkişafı və üzləşdiyi çağırışlarla bağlı fikirlərini açıqlayıb, daha sonra, səfirlərə qarşıda çətin mərhələnin olduğunu, Ermənistanın ciddi problemlərlə üz-üzə qaldığını bildirib.
Sonra o, səfirləri seçim qarşısında qoyub, açıq mətnlə deyib ki, qarşıda çətin mərhələ var, Ermənistan ciddi problemlərlə üzləşir, ona görə də siyasi hakimiyyətin göstərişlərinə əməl etməyənlər ərizə yazıb gedə bilərlər.
Mənbə yaxın vaxtlarda səfirlərin bəzilərinin dəyişəcəyini, bəzilərinin öz istəyi ilə gedəcəyini istisna etmir.
Yeri gəlmişkən, Paşinyandan fərqli olaraq, prezident Vaaqn Xaçaturyan çıxışı ilə bağlı geniş mesaj yayıb:
“Ermənistan xarici siyasət və təhlükəsizlik arxitekturasını şaxələndirmə prosesinə başlayıb. Bu gün təkcə Ermənistan deyil, regionumuz, bəlkə də bütün dünya çətin günlər yaşayır”.
Bizim.Media