İnsanları bürclərinə görə qiymətləndirmək nə dərəcə DÜZGÜNDÜR?

İnsanları bürclərinə görə qiymətləndirmək nə dərəcə DÜZGÜNDÜR?

Hazırda oxunan: İnsanları bürclərinə görə qiymətləndirmək nə dərəcə DÜZGÜNDÜR?

203432

Son dönəmlər gənclər arasında ən çox yayılan mövzulardan biri də bürclərdir. Belə ki, bu gün gənclərin əksəriyyətinin yeni tanış olduqları insana verdikləri ilk sual bürcü ilə bağlı olur. Həyatına gündəlik bürc proqnozu ilə yön verənlər, işini, hətta, bəzən evlənəcəyi insanı belə bürcünə görə dəyərləndirənlər də az deyil.

Görəsən, insanların bürclərə həyatlarına yön verəcək qədər inanmasının səbəbi nədir ?

Mövzu ilə bağlı psixoloq Gülər Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, buna səbəb insanların inanmaq ehtiyacıdır.

“İnsan ümidsizlik burulğanına düşəndə mistikaya meylli olur. İndiki sosial-siyasi və mənəvi mühit burada heç də az rol oynamır. Bəzi insanlara ürəklə inandıqları nəsə olanda yaşamaq daha asan gəlir. Bəziləri öz tale yollarında bürclərə inanır və həyatlarını bürclərə uyğun qurmağı sevirlər. Bu gün öz həyatını bürc proqnozuna görə yön verənlər az deyil. Hətta bəzən insanlar bu inanca o qədər əhəmiyyət verirlər ki, hər hansı münasibətə girən zaman qarşılarındakını bürcünə görə dəyərləndirirlər. Əgər bürcləri uyğun deyilsə, onlar münasibətə daxil olmurlar.

İnsanların bürclərə verdikləri dəyər onların özlərinin fərdi yanaşmalarıdır.

Əslində bürclərə bu qədər əhəmiyyət vermək absurd məsələdir. Düzdür, bürclər nisbi olaraq insan həyatının göstəricisi hesab olunur. Lakin bu o demək deyil ki, insanlar psixoloji aspektdən bürclərə əsasən bir-birilərini qəbul etməli və bir-birilərinə məna yükləməlidirlər. Eyni bürcə aid müxtəlif tipajlar ola bilər ki, onlar fərqli davranışlar sərgiləyə bilərlər.

Yəni, bu inanc hər zaman özünü doğrultmur. Gündəlik bürclərə uyğun davranmaq, eşitdiyi günlük bürc proqnozuna uyğunlaşıb gününü idarə etmək insanın təfəkkür potensialını aşağı endirmiş olur”.

Astroloq Səbuhi Rəhimli isə bildirib ki, astrologiya gənclər tərəfindən yanlış dəyərləndirilir:

“Günümüzün gəncləri astrologiyaya bir fal kimi yanaşırlar. Lakin onlar unutmamalıdırlar ki, astrologiya fal deyil, elmdir. Astrologiya universal bir elm kimi insandan hərtərəfli biliklər - ilk növbədə riyaziyyat, tarix və tibb sahəsində biliklər tələb edir. Astrologiya həyatı idarə etmir: uğurlu zaman kəsiklərindən maksimum mənfəətlə, uğursuz zamanlardan isə minimal itki ilə çıxmağı öyrədir.

Seçim isə insanın öz əlindədir.

İnsan azaddır, müstəqildir, seçim və təcrübəsi onu irəli və ya geri çəkə bilər. Astrologiya heç də həyatın bütün sahələrində işləmir. Elə şeylər var ki, birbaşa şüurdan, qabiliyyət və savaddan asılıdır. Həm də razılaşmıram ki, kimsə həyatını proqnozlar üzərində qursun. Olsa-olsa bəziləri gündəlik və ya aylıq planlarını proqnozlarla uyğunlaşdıra bilərlər. Amma ifrata varmaq ruhi müstəqilliyə zərbə vura bilər”.

Çiçək Sadatova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO