Çaqqal hücumuna məruz qalan sakin: “Öldürməsəydim, quduzlaşacaqdı”

Çaqqal hücumuna məruz qalan sakin: “Öldürməsəydim, quduzlaşacaqdı”

Hazırda oxunan: Çaqqal hücumuna məruz qalan sakin: “Öldürməsəydim, quduzlaşacaqdı”

202835

Örüşdən qayıdan mal-qaraya bir neçə dəfə hücum çəkən çaqqal sakinin səs-küylü hədə-qorxusuna, atdığı daşlara məhəl qoymayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Böyük Dəhnə kənd sakini, 64 yaşlı Nəsir İsmayılov axşam saatlarında mal-qaranı örüşdən evə gətirərkən qəflətən çaqqal hücumuna məruz qalıb.

Nəsir İsmayılov Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, vəhşi heyvan mal-qaraya hücum çəkərkən onu kənarlaşdırmaq üçün bir neçə dəfə cəhd edib.

Sakin gah səs salıb, gah da daş ataraq onu hürkütmək istəyib. Lakin çaqqal mal-qaranı hürküyə salıb, onları qaçmağa məcbur edib. Bu zaman Nəsir İsmayılov gözlənilmədən çaqqalın hücumuna məruz qalıb. O, sağ ayağın baldır nahiyəsindən xəsarət alıb.
Ayağından yaralanmasına baxmayaraq Nəsir İsmayılov cəld tərpənib və çaqqalın növbəti hücumuna fürsət verməyərək onu öldürüb.

Hadisədən sonra 64 yaşlı sakin Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək vəziyyəti izah edib. Həkimlər dərhal ona quduzluq əleyhinə peyvənd vurub, müalicələrə başlanılıb.

Nəsir İsmayılovun sözlərinə görə həkimlərin müvafiq tibbi yardımından sonra vəziyyəti yaxşılaşıb, təhlükəli bir məsələ qalmadığından evə buraxılıb, hazırda müalicəsini evdə davam etdiyini bildirib.

Kənd sakini sözlərinə onu da əlavə edib ki, əgər çaqqalı öldürməsəydi yəqin ki, o gecə daha da quduzlaşa və çox sayda heyvana ya da sakinlərə ciddi xəsarətlər yetirə bilərdi.

Qeyd edək ki, vəhşi heyvan baytar həkimin ərazidə dezinfeksiya işləri aparmasından sonra xüsusi yerdə basdırılıb.

Tural Rasim oğlu, Bizim.Media. Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO