Bu ay havanın temperaturu normadan YÜKSƏK OLUB

Bu ay havanın temperaturu normadan YÜKSƏK OLUB

Hazırda oxunan: Bu ay havanın temperaturu normadan YÜKSƏK OLUB

198179

2024-cü ilin iyun ayının ötən dövrü ərzində Azərbaycanda orta aylıq temperatur iqlim normasından 4.8 dərəcə yüksək olub.

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, havanın maksimal temperaturu iyun ayının bəzi günlərində Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib.
“İyun ayında havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən ölkə ərazisində ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb və havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək isti olub”.

N.Mahmudovun sözlərinə görə, iyun ayının ötən dövrü ərzində ölkə ərazisində isti hava şəraiti ilə bərabər xüsusilə dağlıq və dağətəyi rayonlarda hava qeyri-sabit keçib, şimşək çaxıb, yağıntılar qısamüddətli, arabir leysan xarakterli intensiv olub, dolu düşüb.

“İyun ayının ötən dövründə dağlıq və dağətəyi rayonlarda 15 gün, Mərkəzi Aran rayonlarında isə 11 gün hava yağıntılı keçib, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub. Ən çox yağıntı Böyük-Qafqaz və Mərkəzi Aran zonasında qeydə alınıb”.

Xidmət rəisi bildirib ki, 1-19 iyun tarixlərində ölkənin ayrı-ayrı bölgələrində 44 dəfə dolu hadisəsi qeydə alınıb.

“İyun ayının ötən dövrü ərzində ölkə ərazisində küləkli günlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub, küləyin maksimal sürəti arabir 34 m/s-dək güclənib. Gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə və aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib”.

N.Mahmudovun sözlərinə görə, yaxın günlərdə də qeyri-sabit hava şəraitinin davam edəcəyi, iyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, ayrı-ayrı bölgələrdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO