Bankı Enerji Həftəsindən yadda qalanlar – İlham Şabanın ŞƏRHİ

Bankı Enerji Həftəsindən yadda qalanlar – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Bankı Enerji Həftəsindən yadda qalanlar – İlham Şabanın ŞƏRHİ

196272

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa vurduğumuz həftə əvvəldən sona qədər enerji ilə zəngin oldu. Azərbaycanın dolub-daşan enerji həyatı sanki yayın qızğın günləri ilə üst-üstə düşmüşdü. Yəqin buna görə idi ki, Bakı Enerji Həftəsi keçirildi. Bu dəfəki fərqlilik təkcə enerjimizə olan maraqla məhdudlaşmırdı, həm də ilin sonunda keçiriləcək COP29 kimi mötəbər tədbir öncəsi Azərbaycanın atacağı addımlar, qos-qoca neft ölkəsi kimi ənənəvi enerjidən yaşıl enerjiyə keçidlə bağlı indiyə qədər dünyanın həllinə baş vurmadığı məsələlərə hansı təkliflərlə getməsindən də qaynaqlanırdı.

Bakı Enerji Həftəsi

Şübhə yoxdur ki, 1994-cü ildə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan və hazırda Bakı Enerji Həftəsi adlandırılan tədbir təkcə Azərbaycanın enerji gündəliyini deyil, eyni zamanda dəyişən dünyanın regional və qlobal əhəmiyyətli məsələlərinin müzakirə edildiyi ciddi beynəlxalq platformadır.

Bakı Enerji Həftəsinin təşkilatçılarının yaydığı məlumata görə, bu ilki sərgidə 37 ölkədən 300-dək şirkət iştirak edib. İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılıblar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40%-i isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur. Konfransa isə 600-dək nümayəndə qatılıb  və 70-dək məruzə dinlənilib.

Neft ixrac edən dövlətlər təşkilatı OPEC-in Baş katibi Haysam Əl-Qaysın və Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birolun da Bakıda olması ölkəmizi diqqətlə izləyənlərin nəzərindən yayınmadı. 

Çünki rəsmi Bakı sabaha dünənki çağırışlarla gedən ölkələrdən deyil. Biz daim yeni baxışları ilə gündəmdə olan ölkəyik. Bu baxımdan Azərbaycanda keçirilən bu kimi tədbirlər fikir mübadiləsi, sərmayələrin cəlbi, yeni tərəfdaşlar və səs-sorağı daha uzaqdan gələn masştablı layihələrin reallaşmasına yol açır.

Elə Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında da son 30 ildə görülən işlərə, əldə olunan nailiyyətlərə və Azərbaycanın dünyanın enerji xəritəsinin formalaşmasındakı roluna diqqət çəkdi. Bunlar ölkəmizin etibarlı tərəfdaş olduğunu təsdiqləyən və qlobal enerji bazarında ölkəmizin etibarlı, ciddi bir oyunçu kimi qəbul edilməsinə dəlalət edən amildir.

Ağ Evdən gələn məktub

Təsadüfi deyil ki, Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubda ABŞ Prezidenti Cozef Bayden “Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır” fikrini ortaya qoyub və Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyində oynadığı rolu diqqətə çəkib.

Məktubu tədbir iştirakçılarına çatdıran ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian bildirib ki, Azərbaycanın Xəzər dənizində hasil etdiyi mavi yanaqcağı getdikcə daha çox ölkələrə tədarük edilir və bu da Avropaya enerji mənbələrini şaxələndirməyə, kömür istifadəsindən uzaqlaşmağı sürətləndirməyə kömək edir.

Yəni, artıq bu addımları ilə Azərbaycan dünyanın seçilən bir enerji istehlakçı bazarının yaşıllaşdırılmasında birbaşa iştirakçıya çevrilir.

COP29-a ABŞ-ın dəstəyi

Prezident Bayden məktubunda həmçinin ABŞ-ın COP-29 iqlim sammitinə ev sahibliyi etmək üçün Azərbaycana güclü dəstiyini və təmiz enerjiyə sadiqliyini vurğulayıb:

“COP29 Azərbaycana neft-qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və “təmiz enerji” keçidinin inkişafı kimi əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır. Azərbaycan enerji tarixi ilə bağlı növbəti fəsli yazmağa hazırlaşarkən, “təmiz enerji”yə, metanın azaldılmasına artan diqqət və öhdəlik məni ruhlandırır. Xəzər dənizinin külək enerjisinin əhəmiyyətli potensialı gələcəkdə Azərbaycanın “təmiz enerji” ixracının neft-qaz ixracını üstələməsi ilə nəticələnə bilər”.

Öz növbəsində Azərbaycan Prezidenti Amerika Birləşmiş Ştatlarının və Birləşmiş Krallığın hökumətlərinə təşəkkürünü ifadə edib: “Onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər. Biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik".

“Şahdəniz”lə Macarıstanın bağlantısı

Bakı Enerji Həftəsinin ilk günü də qaz sazişlərinin imzalanması ilə yadda qaldı.  Bunun ən gözlənilməzi iyunun 5-də Macarıstanın Xəzərin ən böyük qaz yatağı olan “Şahdəniz”də pay alması oldu.

İyunun 5-də “MVM Group” şirkəti Azərbaycan dövlətini “Şahdəniz” layihəsində təmsil edən “Cənub Qaz Dəhlizi” QSC ilə 5%-lik payın alınmasına dair alqı-satqı müqaviləsi bağladığını bəyan etdi.

Bundan əlavə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qazın marketinqi və satışı üçün yaradılmış “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətinin 4% payı da Macarıstan şirkətinin nəzarətinə keçməsi haqda razılıq əldə olunub.

Şahdəniz yatağından hazırda ildə 26 milyard kubmetrdən çox təbii qaz və 5 milyon tonadək kondensat hasil edilir. Yataq əhəmiyyətli karbohidrogen ehtiyatlarına malikdir və 18 ilə yaxındır ki, etibarlı və dayanıqlı şəkildə istismar edilir. Yataqdan fəaliyyətə başladığı gündən ümumilikdə 218 milyard kubmetrdən çox təbii qaz və 371 milyon barel kondensat hasil edilib.

Çıxarılan təbii qaz hazırda boru kəmərləri ilə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan, Serbiya və Macarıstan kimi ölkələrdə satılır.

“MVM Group” Şahdəniz qaz yatağında pay almasının hüquqi prosedurlarını cari ilin üçüncü rübünün sonunadək başa çatdırmağı planlaşdırır.

Sazişə reaksiyalar

Prezident İlham Əliyev TÜRK Parlament Assambleyasına üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib:

“Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə məhz Macarıstan qalxır”.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto isə iyunun 5-də həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında bəyan edib ki, “Bu, Macarıstan üçün çox mühüm sazişdir. Biz özümüz qazın bir hissəsinin sahibi olacağıq və bu, bizim enerji təhlükəsizliyimizi təmin edəcək. Biz bu fürsətə görə Azərbaycan hökumətinə təşəkkür edirik”.

Nazir qeyd edib ki, hazırda ölkələr arasında enerji sahəsində əməkdaşlıq yeni, daha yüksək səviyyəyə çatır. Qeyd edək ki, Macarıstanın MOL şirkəti 4 il bundan öncə Amerikanın “Chevron” şirkətindən “Azəri-Çıraq-Günəşli” yataqlarında və Bakı-Tiflis-Ceyhan boru kəmərində olan paylarını alıb. Və ötən müddətdə Azərbaycanın bu layihələrinə 2,2 milyard dollar sərmayə yatırıb.

Siyartonun sözlərinə görə, MOL həmçinin Azərbaycan Dövlət Neft Şirkəti ilə Avropaya mayeləşdirilmiş təbii qazın tədarükünə dair Çərçivə Sazişi imzalayıb.

Azərbaycan-Türkiyə qaz əməkdaşlığı

Onu deyim ki, Bakı Enerji Həftəsinin ilk günü də qazla bağlı sazişlər imzalanması ilə yadda qalıb. Bu dəfə SOCAR və Türkiyənin BOTAŞ dövlət şirkəti arasında qazın alqı-satqısı və nəqlinə dair sazişlər imzalanıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bununla bağlı bəyan edib ki, “Biz mayın 14-də İstanbulda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə imzaladığımız Təbii Qaz Əməkdaşlığı Sazişinin infrastrukturunu təşkil edəcək yeni addımlar atdıq və iyunun 4-də Bakıda BOTAŞ ilə SOCAR arasında 4 müqavilə imzaladıq”.

Söhbət Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlinə dair tranzit sazişi, Türkiyədən Naxçıvan istiqamətində tikilən İğdır-Sədərək qaz kəmərinə dair saziş, Türkmənistan qazının Azərbaycan ərazisindən tranzit nəqlinə dair sazişlərdən gedir.

Bundan əlavə, 2025-ci ildən başlayaraq 2030-cu ilin sonunadək “Şahdəniz”in 1-ci Mərhələsindən hasil edilən təbii qazın Türkiyəyə tədarükünə dair saziş də imzalanıb.

Bunların əhəmiyyəti nədir?

Birinci saziş haqda soruşa bilərsiniz ki, axı hələ 2012-ci ildə Azərbaycan qazının Türkiyə üzərindən keçməsi ilə bağlı tranzit sazişi imzalanıb. Yenisinə nə ehtiyac var? Doğrudur. Amma o saziş Cənub Qaz Dəhlizi ilə nəql edilən Azərbaycan qazına aid idi. Hazırkı saziş isə Türkiyənin BOTAŞ şirkətinin infrastrukturundan istifadə etməklə Avropaya nəql ediləcək qazdan gedir. Yəni Azərbaycan artıq Avropaya qaz ixracını şaxələndirmək yönümündə addım atır.   

Digər sual yaranır ki, lazımdırmı günün bu zamanında yeni marşrut, onsuz da bir ətək pul verib min bir əziyyətlə TANAP və TAP-ı ərsəyə gətirmişik. Məsələ bundadır ki, Prezident İlham Əliyevin əvvəllər diplomatikcəsinə bir neçə dəfə ictimailəşdirmişdi ki, Avropa Komissiyası və qurumları Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün nə pul ayırır, nə də güzəştli kreditlər verməyə tələsmir. Bundan əlavə rəsmi Brüssel həmçinin Aİ ölkələrini qazın uzunmüddətli sazişlər çərçivəsində əldə edilməsi üzrə müqavilələrdən çəkindirir.

TAP-ın bir neçə dəfə təşkil etdiyi müsabiqələrin nəticələri də göstərdi ki, edilən sifarişlər borunun proqnoz edildiyi əlavə 10 mlrd kubmetr genişləndirilməsindən xeyli azdır. Bundan əlavə, bizdən yeni qaz həcmləri almaq istəyən ölkələr əsasən Şərqi Avropada və Balkanlarda yerləşib. Yəni vəziyyətdən çıxmağın optimal yolu mövcud olan infrastrukturdan bəhrələnməkdir. Bu isə Trans Balkan Boru kəməridir ki, onu əks istiqamətdə istifadə etmək olar.

İmzalanmış sazişlər həmçinin Azərbaycanı qaz tranzit-ölkəsinə çevirə bilər. Belə ki, Türkiyə Türkmənistan qazını almaqda israrlıdır. Bunu quru yolu ilə Azərbaycana gətirmək və oradan da mövcud infrastrukturla Türkiyə bazarına çatdırılması nəzərdə tutulur. Azərbaycan artıq 2 ildən çoxdur ki, türkmən qazının İran üzərindən alır və bu marşrut özünü kiçik həcmlərin nəqli üçün təsdiq edib. Türkiyə də ilk olaraq bundan başlamaq istəyir.

Nəhayət, Şahdəniz-1 layihəsi üzrə qazın alqı-satqı müqaviləsi 2030-cu ilin sonunadək uzadılır. Bundan əvvəl imzalanmış sazişə görə cari ilin sonunda ona xitam verilməliydi. Məsələ burasındadır ki, əvvəlki proqnozlara əsasən, Şahdəniz-1 üzrə bu onilliyin ortasında qazın azalması baş verməliydi.

Amma praktika göstərir ki, istismar quyularının məhsuldarlığı kifayət qədər yüksəkdir. Bu baxımdan da illik 3,5 mlrd olmaqla qazın alqı-satqısı daha 6 il müddətinə uzadılır. Şahdəniz-1 layihəsi üzrə Türkiyəyə ildə 3,5 mlrd kubmetr, Şahdəniz-2 layihəsi üzrə isə 6 mlrd, cəmi 9,5 mlrd kubmetr qazın satışı həyata keçiriləcək.

SOCAR-ın yaşıl layihələri

Bu həftənin daha bir yadda qalan hadisəsi isə Azərbaycan Dövlət Neft Şirkətinin yaşıl enerji layihələrinin iştirakçısına çevrilməsidir. Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb.

Bunlar Biləsuvarda layihə gücü 445 MVt və Neftçalada 315 MVt olmaqla iki günəş elektrik stansiyası və Abşeron-Qaradağ zonasında isə 240 MVt gücündə bir külək elektrik stansiyasının inşasını nəzərdə tutur.

Həmin layihələrin təməlqoyma mərasimi isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.

Ümumi gücü 1 GVt olan 3 stansiyanın təməlinin qoyulması Azərbaycanın COP29-un ev sahibi kimi yaşıl dünya naminə enerji keçidinə sadiqliyinin parlaq göstəricisidir. Həmçinin layihələrin icrası nəticəsində illik təxmini 2,3 milyard kubmetr təbii qaza qənaət olunacaq ki, bunun da nəticəsində təxminən 1 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO