Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) bir qrup zabitin təkmilləşdirmə kursunu uğurla bitirərək yeni vəzifələrə təyin olunması münasibətilə buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev “Zabit heyətinin təkmilləşdirilməsi kursu”nun buraxılış mərasiminin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etdiyini bildirib.
Qeyd olunub ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malik olması Ulu Öndərin bünövrəsini qoyduğu ordu quruculuğu işinin nəticəsidir. Dahi rəhbər tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar ötən illər ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
General-polkovnik K.Mustafayev zabitləri kursu uğurla başa vuraraq yeni vəzifələrə təyin olunmaları münasibətilə təbrik edib, onlara Vətən müdafiəsində qüsursuz xidmət arzulayıb.
Məzunlar çıxış edərək Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olacaqlarına, gələcək xidmətlərində hərbi biliklərə daha yaxından nüfuz edərək Milli Ordunun daha da güclənməsi üçün səylə çalışacaqlarına söz veriblər.
Məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurduqdan sonra məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmr mərasim iştirakçılarına çatdırılıb.
Mərasim məzunların tribuna önündən təntənəli keçidi ilə başa çatıb.
Bizim.Media