Dünya alimləri uzunmüddətli araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, hər bir insan həyatı boyu ən azı 5 dəfə iş yerini dəyişməlidir. Çünki iş yerini dəyişmək təkcə karyera məsələsi deyil, bu həm də yaşam tərzinə əlavə rəng qatmaqdır. İnsan düşdüyü yeni kollektivdə daha çox dəyişikliklərlə üzləşir. Bu dəyişikliklər həmin insanın qarşısına yeni şərtlər qoyur. Bu şərtlər də təbii ki, insanın həyatında yeni səhifələr açır.
Beləcə, insan hər iş yerini dəyişdikcə daha çox öyrənir, kamilləşir.
Amma bəzi insanlar üçün iş yerini dəyişmək ağrılı bir prosesdir. Bəziləri iş yerini dəyişəndə xüsusi narahatlıq yaşayır, uzun müddət yeni iş yerinə uyğunlaşa bilmir. Bu cür insanlar karyera yüksəlişində də ciddi problemlər yaşayır.
Nəzərə alaq ki, işini tərk etmək istəyən, lakin bu və ya digər səbəbdən bunu edə bilməyən insanlar uğurlu karyeradan və inkişafdan qalır. Belələri illərlə olduqları yerdə sayır və heç bir irəliləyişə nail olmurlar. Unutmayaq ki, eyni iş, eyni tapşırıqlar yeknəsəklik yaradır. Həmçinin, eyni əmək haqqı sonda davamlı narazılığa yol açır. Yada salaq ki, uzun illər eyni yerdə çalışan insanlar bir qayda olaraq əmək haqqının azlığından şikayətlənir.
Bəs iş yerini dəyişmək qorxusunu yaradan səbəblər nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, bu hər şeydən əvvəl psixoloji problemdir:
“Bəzi insanlarda iş yeri kompleksi var. Qorxurlar ki, yeni iş yerində uğur qazana bilməzlər, əvəzində nə zamansa işsiz qala bilərlər. Ona görə də belələri çox zaman az əmək haqqına və digər xoşagəlməz hallara rəğmən iş yerini dəyişmir. Unutmaq lazım deyil ki, iş yerini dəyişmək bir riskdir.
Risk etməyənlərsə heç zaman uğur qazana bilmir. Bundan əlavə, yeni iş yeri axtarışı əlavə imkanlar deməkdir. Çünki yeni iş yeri bütün hallarda əvvəlki iş yerindən fərqli olacaq. Ən azı əmək haqqı məsələsində fərq görünəcək.”
Psixoloq onu da qeyd edib ki, uğur üçün iki şərt var:
“Özünəgüvən və yüksək motivasiya. İş yerini dəyişən adamlarda özünəinam güclü olur. Ancaq özünə güvənməyən insanlar köhnə iş yerindən yapışıb qalır. Köhnə iş yerində isə hər zaman uğur qazanmaq mümkün olmur. Bir də baxırsan ki, həyatının 20-30 ilini eyni kollektivdə, eyni insanlarla və hətta eyni əmək haqqı ilə keçinib gedirsən.
Ona görə də insanlar həyatları boyu ən azı 5-6 iş yeri dəyişməlidirlər. Bu dəyişiklik həmin insanlara karyera uğuru gətirməsə də əmək haqqında fərq özünü göstərəcək. Üstəlik, yeni iş yeri yeni atmosfer, yeni ortam deməkdir. Bu da insana həyatın gözəlliyini daddıran faktorlardır”.
Surxay Atakişiyev, Bizim.Media