Ardıcıl telefon ZƏNGLƏRİ - Qərbi Azərbaycanla hesablaşmağa nə VADAR ETDİ?

Ardıcıl telefon ZƏNGLƏRİ - Qərbi Azərbaycanla hesablaşmağa nə VADAR ETDİ?

Hazırda oxunan: Ardıcıl telefon ZƏNGLƏRİ - Qərbi Azərbaycanla hesablaşmağa nə VADAR ETDİ?

185673

Aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi, Aİ rəsmisi Ursula fon der Lyayen və Ermənistan baş naziri arasında olacaq görüşə münasibətdə Azərbaycanın haqlı narazılıq və etirazları nəticəsində, Entoni Blinken və Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi ediblər.

Onlar telefon danışığında sözügedən görüşdə İrəvana ancaq iqtisadi və humanitar sahədə dəstək məsələsinin müzakirə ediləcəyilə bağlı fikirlər səsləndiriblər.

Lakin reallıq fərqlidir

Fransanın Ermənistandakı səfiri Olivier Dekotininin açıqlamaları Qərbin əsl niyyətini ifşa etmək üçün yetərlidir. Belə ki, fransız diplomat Ermənistan mətbuatına müsahibəsində Parisin İrəvan qarşısında hərbi öhdəliklər götürdüyünü bəyan edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərbi Azərbaycan İcmasının üzvü BMT-nin tribunasından ailəsinin Ermənistandan zorla qovulmasından DANIŞDI


Səfir qeyd edib ki, aprelin 5-də Brüsseldə keçiriləcək Paşinyan-Blinken-Fon der Lyayen görüşünün məqsədi Ermənistana dəstək vermək, bu məsələdə Aİ və ABŞ-ın səylərini birləşdirməkdir:

“Görüşdə təhlükəsizlik məsələləri müzakirə olunmayacaq. Təhlükəsizlik məsələlərinə gəlincə, Fransa Ermənistana qarşı cavabdehliyi öz üzərinə götürür. Son aylarda biz inkişaf edən Ermənistanla müdafiə sahəsində əməkdaşlığa başlamışıq. Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Parisə, Fransanın Müdafiə Nazirliyinin rəhbəri isə öz növbəsində Ermənistana səfər edib və bu səfər zamanı biz artıq Ermənistan ordusunun xeyrinə olan texnika və təlim formasında konkret nəticələrin şahidi olduq”.

Dekotini Fransanın Ermənistana silah verməsinə Azərbaycanın reaksiyasından da danışıb. O, təsdiqləyib ki, Bakının reaksiyası haqlıdır – Ermənistana gətirilən silahlar həqiqətən də hərbi məqsəd daşıyır.

Bundan əlavə, artıq bəzi Qərb ölkələri də Ermənistanın silahlandırılmasını tənqid etməyə başlayıblar. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid etməsi də bunun sübutudur.

Görünən odur ki, bir tərəfdən, Aİ və ABŞ rəsmiləri Ermənistana təhlükəsizlik təminatı verilməyəcəyindən danışır, digər tərəfdən isə Fransa rəsmiləri İrəvan qarşısında hərbi öhdəliklər götürdüyünü və onu icra edəcəklərini bəyan edirlər. Bu isə o anlama gəlir ki, Qərb təcavüzkar niyyətindən əl çəkməyən Ermənistanı silahlandırmaqda davam edəcək.

Bəs, Qərbin bu addımlarından sonra Ermənistanı hansı aqibət gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, Fransanın İrəvandakı səfirinin dedikləri Qərbin Ermənistanı öz alətləri olaraq müxtəlif istiqamətlər, xüsusən də hərbi sahədə dəstəkləməkdə davam edəcəyini göstərir:

“Aprelin 5-də Ermənistan baş naziri, Ursula fon der Lyayen və Entoni Blinken arasında görüşün keçiriləcəyilə bağlı məlumatlar yayılanda əsas yanaşma o idi ki, həmin görüşlə İrəvana təhlükəsizlik təminatları veriləcək. Nəzərə alaq ki, NATO baş katibi Stoltenberqin Paşinyanla görüşündən sonra da 5 aprel görüşü barədə məlumatlar verilməyə başlanıldı. Bu da bir daha onu göstərir ki, 5 aprel tarixindəki Brüssel görüşündə Qərb Ermənistana əsasən hərbi-təhlükəsizlik xarakterli təminatlar vermək istəyindədir.

Belə deyilsə, Blinkenlə Ursula fon der Layenin ayrıca olaraq Ermənistan baş nazirilə görüşünün keçirilməsinə nə ehtiyac var? ABŞ və Avropa rəsmiləri bildirir ki, Ermənistana əsasən iqtisadi, demokratiya sahəsində dəstək olmaq istəyirlər. Amma bu xarakterdə dəstəyin göstərilməsi üçün belə bir formatda görüşün keçirilməsinə ehtiyac yoxdur. Onsuz da başqa görüşlər çərçivəsində, İrəvana səfərlər etməklə, Ermənistan iqtisadiyyatına dəstək imkanları müzakirə oluna bilərdi.

Deməli, burada başqa məqsəd var.

Azərbaycanın həmin məsələyə sərt reaksiyasından sonra, Qərb dairələri görüşün mahiyyəti haqqında fərqli fikirlər söyləməyə başladılar. Görünür, Bakının sərt reaksiyası olmasaydı, görüşün hansı məqsədlə keçirilməsi məsələsində əvvəlki yanaşma qüvvəsində qalacaqdı. Bu da İrəvana təhlükəsizlik təminatının verilməsilə bağlıdır”.

Deputat qeyd edir ki, bütün bunlar aydın təsəvvür formalaşdırır:

“Bu təsəvvür də ondan ibarətdir ki, Qərb Ermənistanı öz alətləri olaraq müxtəlif istiqamətlər, xüsusən də hərbi sahədə dəstəkləmək niyyətindədir.

Fransanın Ermənistandakı səfirinin ölkəsinin İrəvan qarşısında hərbi öhdəliklər götürdüyünü deməsi də bu mənada 5 apreldə keçiriləcək görüşdə müzakirə olunacaq məsələləri indidən əsaslandırmaq niyyətidir. Yəni Brüsseldə Ermənistana təhlükəsizlik sahəsində dəstək imkanları müzakirə olunacaqsa, Fransa səfiri həmin açıqlama ilə indidən buna bəraət qazandırdığını deyir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO