"Qarabağ”ın kapitanı: Ulu babalarım 500 il əvvəl Azərbaycana gəliblər

Hazırda oxunan: "Qarabağ”ın kapitanı: Ulu babalarım 500 il əvvəl Azərbaycana gəliblər

185144

“Azərbaycanın ən yaxşı komandasında oynamaq mənim üçün xoşdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Rusiya mətbuatına müsahibəsində deyib.

34 yaşlı futbolçu Ağdam klubunda kapitanlıq sarğısını daşıdığı üçün xoşbəxt olduğunu bildirib:

“Artıq 6-7 ildir bu vəzifəni yerinə yetirirəm. Mənim üçün çox şey deməkdir. “Qarabağ” hazırda Azərbaycanın ən güclü komandasıdır və klubun ən çox oyun keçirmiş futbolçusuyam. Azarkeşlər məni rekordçu, əfsanə adlandırırlar”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə də danışan təcrübəli oyunçu onu özü üçün böyük qardaş hesab etdiyini söyləyib: “Qurbanov “Qarabağ”a gəldiyi zaman ilk addımlarımızı birlikdə atdıq, çünki o, məşqçilik karyerasına yeni başlamışdı. Yaxşı və pis vaxtlarımız olub, amma həmişə bir yerdə olmuşuq. Mənə fərdi yanaşırdı. Başa düşürdü ki, gənc olduğum üçün səhvlər edə bilərəm. Problemlərim olanda onunla məsləhətləşirdim”.

Almaniyanın “Bayer” komandası ilə Avropa Liqasının 1/8 final mərhələsində keçirdikləri oyunlara da toxunan M.Medvedev bunu özləri üçün qələbəyə bərabər nəticə saydıqlarını vurğulayıb:

“Bayer”ə qarşı çox yaxşı mübarizə apardıq. Hətta hər iki oyunda hesabı biz açdıq, lakin bunu qoruya bilmədik. Rəqib hər zaman dolu tribunalar önündə oynamağa öyrəşən komandadır. Bizdə isə fərqlidir. Ona görə də balans pozulur. Şəxsi fikrim budur ki, Alonsonun komandası taktiki cəhətdən “Qarabağ”dan üstün olmadı. “Bayer” futbolçuların fərdi bacarığına görə bizə qalib gələ bildi. Onların oyunçuların qiyməti bizdən beş dəfə çoxdur. Heyətində Florian Virts və Patrik Şik kimi matçın taleyini dəyişdirə bilən adlar var”.

Azərbaycan millisinin sabiq üzvü 2017-2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirdikləri matçlardan da söz açıb:

“Turnirin əzəmətli himnini dinləmək, “Atletiko Madrid”, “Çelsi” və “Roma” kimi güclü komandalara qarşı oynamaq əla idi”.

Milliyətcə rus olan futbolçu Bakıda doğulub boya-başa çatdığını qeyd edib:

“Anam mənə demişdi ki, slavyan xalqları 500 il əvvəl Qafqaz torpaqlarına yayılıblar. O vaxtdan ulu babalarım Gürcüstana, Azərbaycana gəliblər. Burada mənim kimi insanlar çoxluq təşkil edir”.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Maksim Medvedev 2006-cı ildən Ağdam təmsilçisinin əsas komandasında çıxış edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO