Bu ilin yanvar-may aylarına aid olan məlumata əsasən, Azərbaycandan ixrac edilən meyvə və tərəvəzin miqdarı azalıb.
Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, ötən ilin ilk 5 ayında 118,3 milyon dollar dəyərində 136,7 min ton tərəvəz satıldığı halda, bu ilin eyni dövründə satış dəyəri 113,9 milyon dollara, satış miqdarı 119,7 min tona düşüb. Bu il ixrac olunan tərəvəzin satış dəyəri 3,7 faiz, satış miqdarı 12,4 faiz azalıb.
Meyvə ixracında isə vəziyyət bir qədər fərqlidir. 2022-ci ilin 5 ayında satış miqdarı azalsa da, satışdan əldə edilən gəlir artıb. Belə ki, əvvəlki ildə 87,9 milyon dollar dəyərində 77,2 min ton meyvə satılmışdısa, bu il satış miqdarı 72,6 min tona düşməsinə baxmayaraq ixracdan əldə edilən pul 105,4 milyon dollara yüksəlib. Çünki 2022-ci ildə ixrac edilən meyvənin bir kiloqramının qiyməti orta hesabla 1,45 dollar olub ki, bu da ötən illə müqayisədə 0,3 dollar çoxdur.
Cari ildə pambıq ixracı da miqdar ifadəsində azalsa da qiymətlərin artmasına görə ixracdan gəlirimiz yüksəlib. Ötən il 108,6 milyon dollar dəyərində 71,5 min ton pambıq satan Azərbaycanın bu il ixrac miqdarı 51,9 min tona düşüb, satışdan gəlir 123,7 milyon dollara çatıb. Pambığın bu il xeyli bahalaşması satışdan gəlirin artmasına səbəb olub.
Ümumilikdə, Azərbaycan ilk 5 ayda 365 milyon dollar dəyərində kənd təsərrüfatı malı satıb. Ötən illə müqayisədə ixrac 13 faiz və ya 42 milyon dollar artıb.
Vasif
Sfera.az