Ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Hazırda oxunan: Ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

178162

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

İmtahan vermək üçün 3469 abituriyent qeydiyyatdan keçib. İmtahan fevralın 18-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45 də başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.

DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, cavab kartındakı məlumatlar optik qurğu vasitəsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır.
Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Abituriyentlərə tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd etsinlər və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasınlar.

İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb.

Mərkəz abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO