Metsamor AES-lə bağlı SENSASİON FAKTLAR – “Yanacağı Fransa və digər böyük güclər verir”

Metsamor AES-lə bağlı SENSASİON FAKTLAR – “Yanacağı Fransa və digər böyük güclər verir”

Hazırda oxunan: Metsamor AES-lə bağlı SENSASİON FAKTLAR – “Yanacağı Fransa və digər böyük güclər verir”

176134

Xəbər verildiyi kimi, ABŞ-ın Miçiqan Universitetindən olan bir qrup eko-fəal Ermənistanın Cənubi Qafqazda ətraf mühitə vurduğu ciddi ziyandan narahat olduqlarını bildirib.

“Report.az”ın məlumatına görə, amerikalı ekofəal, Miçiqan Universitetinin tələbəsi Mett Qarnett, Qarabağın qanunsuz işğalı zamanı Ermənistanın çayları çirkləndirdiyini bildirib:

“Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı təhlükə də var. Ekofəallar və ekspertlər bunun dünyanın ən təhlükəli elektrik stansiyalarından biri ola biləcəyinə diqqət çəkiblər. Bu gün Ermənistan bu stansiyanı bağlamaqdan imtina edir”.

ABŞ-dan olan fəal, Vaşinqton və Li Universitetinin Hüquq Məktəbinin əməkdaşı Məryəm Daneş də Ermənistanın Cənubi Qafqazın ekosistemini çirkləndirmək üçün əhəmiyyətli radioaktiv və zəhərli riski olan dağ-mədən fəaliyyətindən narahatlığını ifadə edib:

“Qeyri-qanuni qızıl hasilatı su mənbələrinə zərərli təsir göstərir. Bundan əlavə, bu təcrübə uzun illər Qafqaz dağlarına ciddi ziyan vurub və bu bölgənin sakinlərinə mənfi təsir göstərib”

İşin arxasında böyük dövlətlər dayanır

Mövzu iIə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü və kimya elmləri doktoru, professor Adil Qəribov, Ermənistanın Azərbaycanla sərhəddə yerləşən sənaye müəssisələrinin çaylarımıza çox böyük ziyanlar vurduğunu qeyd edib.

Çayların daha çox kimyəvi çirklənmələrə məruz qaldığını söyləyən müsahibimizin sözlərinə görə, müxtəlif vaxtlarda apardıqları monitorinqlər də bunu təsdiq edir:

“Müəssisələrdə polimetal filizlərinin istehsalı zamanı ayrılan metal tullantıları normadan artıqdır. Qarabağ bölgəsindəki radioaktiv çirklənmələr əsasən dağlardakı süxurların tərkibindəki təbii radioaktiv maddələrin hesabına yaranıb. Minalardan təmizlənmiş ərazilərdə isə hələlik hansısa bir formada çirklənmə qeydə alınmayıb”.

Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinə toxunan professor bildirib ki, orda istifadə olunan yanacaqlardan çıxan tullantıların heç birinə Ermənistan toxuna bilməz:

“Ona görə ki, bu yanacağı ona Fransa və digər böyük dövlətlər verir. Alınan tullantılar isə bir müddət Fransa hökuməti tərəfindən tikilən anbarlarda saxlanılır, radioaktivlik aşağı düşdükdən sonra isə yenidən bağlı konteynerlərlə də geri qaytarırlar. Onun tərkibindəki “Uran-238”in neytral tutması nəticəsində Plutonium əmələ gəlir. Bu da çox böyük sürətlə parçalanan nüvə materialıdır. Metsamor AES əslində II nəsildən I nəsilə düzəldilmiş bir reaktordur və ötən əsrin 80-ci illərin istifadə müddəti başa çatsa da, hələ də istifadə edilir”.

Qərbdə fəaliyyəti dayandırılıb, Ermənistanda isə…

Alim vurğulayıb ki, Avropada və Amerikada vaxtı keçmiş bütün reaktorların fəaliyyəti dayandırılıb:

“Ermənistan isə hələ də bunu dayandırmaq fikrində deyil. Bu da həm ölkəmiz, həm Cənubi Qafqaz bölgəsi üçün böyük təhlükə mənbəyidir. Ona görə ki, bölgə seysmik ərazidir və hər an zəlzələ təhlükəsi ilə üz-üzə qala bilərik. Əgər zəlzələ baş verərsə, Ermənistan müasir texniki və elmi imkanları olmadığı üçün heç nə edə bilməyəcək. Çernobıl qəzasında da gördük ki, havaya atılan zəhərli tullantılar bir neçə saat ərzində ətrafa yayılır və böyük fəlakətlərə səbəb olur”.

Müsahibimiz çaylarımızın çirkləndirilməsi ilə bağlı da fikirlərini bölüşüb:

“Çayların çirklənməsini biz hələ torpaqlarımız işğaldan azad edilməmişdən əvvəl və ondan sonra mütəmadi apardığımız monitorinqlər nəticəsində də aşkar etmişik. Biz neçə illərdir deyirik ki, çaylarımızın ağır metallarla çirklənməsi çox yüksək həddədir. Ermənilər 34 illik işğal dövründə xarici sərmayədarların maliyyə və texniki dəstəyi ilə və heç bir ekoloji təminat aparılmadan dağlarda qızıl və digər filiz mədənlərini qanunsuz istismar ediblər. Bununla da bütün sahələrdə həm bizə, həm də bütün regiona ciddi zərbə vurulub.

Bununla bağlı toplanan bütün faktlar bütün beynəlxalq təşklatlara, eləcə də MAQATE-yə təqdim olunub. Hətta NATO-nun xüsusi iclaslarında nümayəndələrimiz tərəfindən bu problemlər qabardılıb və onların diqqətinə çatdırılıb. Görunür ki, bu məsələ amerikalıların da diqqətini cəlb edib və onlar bunu ətraflı analiz ediblər”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO