“Yarımçıq qalan arzularımızı bərpa edəcəyik” – Şəkidə Xocalı sakinlərinin yaşadığı qəsəbədən REPORTAJ/FOTO

“Yarımçıq qalan arzularımızı bərpa edəcəyik” – Şəkidə Xocalı sakinlərinin yaşadığı qəsəbədən REPORTAJ/FOTO

Hazırda oxunan: “Yarımçıq qalan arzularımızı bərpa edəcəyik” – Şəkidə Xocalı sakinlərinin yaşadığı qəsəbədən REPORTAJ/FOTO

175745

Torpaqlarımızın işğaldan azad edilməsi sevincini yaşayan Xocalı sakinləri bu günlərdə daha bir müjdəli xəbər aldılar. Ölkə başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində işğaldan azad olunmuş bir sıra rayonların sakinlərinin bu il doğma yurdlarına qayıdacaqlarının müjdəsini verdi. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onların sırasında Xocalı sakinlərinin də olması tamam başqa qürurverici məqamdır. 

Şəkidə müvəqqəti məskunlaşan Xocalıdan olan ailələr də həmin günü səbirsizliklə gözləyirlər. 

Hava küləkli və şaxtalıdır. Lakin Şəkidəki Çələbixan qəsəbəsində insanların üzü gülür, sevinclidirlər. Xüsusən, Xocalı sakinləri qürurlu günlərini yaşayırlar. Çələbixan qəsəbəsində 40-a yaxın Xocalıdan olan məcburi köçkün ailəsi məskunlaşıb. Onlar illər əvvəl bu qəsəbəyə gələrkən cəmi 70 nəfər idilər. İndi isə 150-yə yaxın Xocalı sakini səbirsizliklə geri dönüşü gözləyir…


“1992-ci ilin fevralında Xocalıda ermənilərin bizə yaşatdıqlarını tarix boyu unudan deyilik” -deyən Milli Qəhrəman Tabil Həsənovun qardaşı Nizami Əliyev indi daha çox tələsir. Deyir 2020-ci ilin noyabrından sonra bu qədər səbirsiz olmamışdı. Ötən günlərdə ölkə başçısının verdiyi müjdədən sonra Nizami müəllim evdə geri dönüşlə bağlı hazırlıq vəziyyəti elan edib.  

Deyir ki, 30 illik həsrətə son qoyuldu, Ağalıdan başlayan qayıdış nəhayət biz xocalılılara da çatdı: 

“Cənab Prezidentin televiziya jurnalistlərinə verdiyi müsahibə bütün Xocalı sakinlərini sevindirdi. Hamı çox böyük inamla, arzu ilə böyük qayıdışa hazırlaşır. Bir şəhid ailəsi kimi bizim də sevincimizin həddi-hüdudu yoxdur”.

Nizami Əliyev fikrini “Biz artıq o sayılı günləri gözləyirik”-deyə, tamamlayır.

Burda hansı Xocalı sakinini dindirsən ürəyi qan ağlayır. Lakin qürur və sevincləri daha qabarıq görünür.  Taleyinə girovluq yazılan, qohum-əqrəbası gülləbaran edilən Nəsibə Quliyeva də ailəsi ilə Xocalıya qayıdacağı günü gözləyir. Dərs dediyi ibtidai sinif şagirdlərinə isə uşaqlıq xatirələrini, yaşadıqlarını danışır və tariximizi dərindən öyrənməyi tövsiyə edir:


“Xocalıda şəhid olan körpələrimizin yarımçıq qalan arzularını Xocalıda bərpa edəcəyik və bunun üçün qürurluyuq. Bizim xalq məğrur xalqdır və başına gələn faciələri unutmur, unutmayacaq”.

Uşaqlıq xatirələri, ağrı-acıları Xocalıda qalanlardan biri də Eldəniz Məhərrəmovdur. O, hazırda Şəkidəki Xocalı məktəbinə rəhbərlik edir. 

“Azərbaycan gənci olaraq biz də 30 il bu ağrı-acını yaşamağa məcbur olduq. Ancaq bu gün qürurla danışa bilərəm ki, o ağrılarımız, acılarımız ,ürək yanğıları sona yetdi. Bu gün qürurla deyə bilərəm ki, biz Xocalıya qayıdırıq. Xocalımız artıq azaddır. 


Təbii ki, hər kəsin ümidi kəsilən anda elə bir işlər baş verdi ki, nəinki Azərbaycan xalqı, dünya bunun yaxşı mənada şokunu yaşayır. Biz öz gücümüz, qüvvəmizlə torpaqlarımızı işğaldan azad edərək Azərbaycanımızı bütövləşdirdik”, - deyə Eldəniz müəllim qeyd edib.  
Doğrusu, havanın küləkli və şaxtalı olmasına baxmayaraq, bir göz qırpımında ətrafımıza toplaşan insanları dinlədikcə bir daha əmin olursan ki, Xocalı sakinləri ötən günlərin ağrı-acısını daxilən yaşasalar da, ata-baba yurdlarına qayıdış üçün gün sayırlar. Söhbət etdiyimiz hər kəs yurda qayıdıb viran qalmış ev-eşiklərini, el-obalarını cənnətə çevirmək, şəhidlərin, əzizlərinin ruhunu şad etmək əzmindədirlər. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO