Ağdaşın Aralbir kəndinin yol problemi nə vaxt HƏLLİNİ TAPACAQ? – RƏSMİ AÇIQLAMA/FOTO 

Ağdaşın Aralbir kəndinin yol problemi nə vaxt HƏLLİNİ TAPACAQ? – RƏSMİ AÇIQLAMA/FOTO 

Hazırda oxunan: Ağdaşın Aralbir kəndinin yol problemi nə vaxt HƏLLİNİ TAPACAQ? – RƏSMİ AÇIQLAMA/FOTO 

174163

Ağdaşın Aralbir kəndinin yolları bərbad vəziyyətdədir. Kəndin daxili yolları üçün ən unikal nəqliyyat vasitəsi at arabası sayılır. Çünki dağılmış, bərbad olan yollara avtomobillər dözmür.

Bu sözləri Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildiriblər. 

Sakinlər deyir ki, Aralbir, sanki, Ağdaşın gözəllikləri arasında gizlənmiş, ya da gizlədilmiş bir xarabalığı xatırladır. 

Kənd rayon mərkəzindən cəmi 3 km uzaqlıqda yerləşir, gözdən uzaq olmasa da, könüllərdən iraq qalıb. Özü də ki, düz 30 ildən çoxdur. 


Kənd sakini Rəsmiyyə Mahmudova bildirir ki, 1994-cü ildən burada yaşayır:

“Elə o vaxtdan yol bu vəziyyətdədir. Qışda palçıqdan yayda tozdan bura da hərəkət etmək mümkün deyil. Dəfələrlə öz vəsaitimiz hesabına çınqıl, daş tökdürmüşük, amma yolun digər hissəsinə gücümüz çatmır. Kəndin giriş hissəsinə asfalt örtüyü salınıb, amma kəndin daxili hissəsi qalıb. Artıq vəziyyət o yerə çatıb ki, sakinlər söküntü evlərin qalıqlarını daşıyıb yollara tökürlər ki, uşaqlar gəzəndə palçığa batmasınlar”.

Kənd sakini Rəqibə Məmmədova da sözügedən durumdan narazılığını ifadə edib:

“Bizim güzəranımız budur, nə öz imkanımız yoxdur, nə də rəhbərlik maraqlanmır”. 


Kəndin digər sakini Samirə Ağasıyeva bildirir ki, 15 ildir bu kəndə köçüb, o vaxtdan yol bu vəziyyətdədir:

“Onun-bunun sökülmüş evini, daş söküntülərini gətirib tökürük küçəmizə, özümüzə yol edirik. Kənd sakinlərinin əziyyəti, etirazları bir kənara, bir də buraya gələn qonaqlar var axı. Daha doğrusu, gəldiyinə peşman olan qonaqlar”. 

Kəndə qonaq gələn Şirvan sakini Əli Mirzəyevlə də həmsöhbət olduq: 

“Qışda buraya gəlmirik. Ümumiyyətlə, palçıqdan, sudan gəlmək olmur. Maşınla gəlmişik, indi yer nisbətən qurudur, amma ona baxmayaraq yol yaman gündədir, dərə-təpədir. Maşının altı pis günə düşdü, bir sözlə bu kəndə gəlməyimizə peşman olduq”. 


Məsələ ilə bağlı Aralbir kənd icra nümayəndəliyinə üz tutduq. 

Kənd icra nümayəndəsi Müşfiq Həsənov Bizim.Media-nın yerli bürosuna bildirib ki, bu yol 2024-cü ilin dövlət proqramına salınıb və vəsait ayrılan kimi Aralbir kəndinin yollarında təmir-bərpa işləri görüləcək. 

Ümid edək ki, icra nümayəndəsinin bizə verdiyi söz elə söz kimi qalmayacaq və Aralbir camaatının illərdir çəkdiyi əzab-əziyyətə son qoyulacaq. 

Mövzunu diqqətdə saxlayacağıq.
























Bizim.Media, Aran bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO