Müqavilədə 50, reallıqda 2-3 Mbit/s sürət.. – “Azeronline” abunəçilərini belə aldadır – FOTOFAKT 

Müqavilədə 50, reallıqda 2-3 Mbit/s sürət.. – “Azeronline” abunəçilərini belə aldadır – FOTOFAKT 

Hazırda oxunan: Müqavilədə 50, reallıqda 2-3 Mbit/s sürət.. – “Azeronline” abunəçilərini belə aldadır – FOTOFAKT 

174121

“Azeronline BM” LTD şirkəti ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub. Xüsusilə, Binə qəsəbəsi, Südçülük massivinin sakinləri şirkətin 7-8 aydır onları aldatdığını bildirirlər. Belə ki, şirkət təklif etdiyi internet paketlərini gündüz pis-yaxşı təqdim etsə də, axşam biabırçı vəziyyət yaranır. Çox sayda vətəndaş 50 Mbit/s sürət paketindən istifadə etsə də, axşamlar bu rəqəmin 2-3 Mbit/s-ə düşdüyünü qeyd edirlər. 

Vətəndaşların sözlərinə görə, onlar məsələ ilə bağlı şirkətlə əlaqə saxladıqda qarşı tərəf hər kəsin bildiyi “sehrli” bir ifadəni işlədir:

“O ərazidə problem var, həlli istiqamətində işlər gedir”. 

Ancaq bu təmir nədənsə bitmək bilmir.

Maraqlısı burasındadır ki, provayder aylardır hər axşam interneti aşağı sürətlə versə də, abunəçilərindən aylıq ödənişi tam alır. Müştərilərə heç bir kompensasiya isə verilməyib. 

İKT üzrə ekspert Fərid Kazımov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, bu məsələ birbaşa istehlakçı hüquqlarının pozulmasıdır: 

“İstehlakçı hüquqlarının qorunması ilə bağlı aidiyyəti dövlət orqanları var. Vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər. Dövlət həmişə istehlakçıların arxasında dayanır. Bu məsələ tamamilə həll edilməlidir. Müştərilərin şirkətlə müqaviləsi olur. Müqavilədə internet tutumu qeyd olunur. 

Vəd edilən internet tam təmin edilmədiyi təqdirdə müştərilər aidiyyəti orqanlara müraciət edərək kompensasiya ala bilərlər. 

Problemin məğzinə gəldikdə isə çox güman ki, həmin provayderin internet tutumu, çıxışı məhduddur. Müştərilər artdıqca problemlər də ekvivalent olaraq çoxalır. Xüsusilə, axşam saatlarında abunəçilər daha çox internetdən istifadə edirlər. Pik saatlar olduğu üçün internetin sürəti aşağı düşür. Problemin həlli üçün internetin tutumunu artırmaq lazımdır. Şikayətlər aylardır olduğuna görə deməli, provayder limiti artırmır. 

Ümumiyyətlə, provayderlər işə başlayanda abunəçi sayı az olur, ona görə də internetin keyfiyyətində narahatlıq olmur. Ancaq istifadəçi sayı çoxaldıqca məhdud internet tutumu olan provayderlərdə bu kimi problemlər yaşanır”. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı “Azeronline” şirkətinin qaynar xətti ilə əlaqə saxlayıb. Şirkətin nümayəndəsi problemin olduğunu təsdiqləyib. 

Əlavə olaraq bildirilib ki, bir neçə günə problem aradan qaldırılacaq. 

Vətəndaşlar isə qeyd edirlər ki, provayderin qaynar xətti aylardır onlara eyni cavabı verir.

Mövzunu diqqətdə saxlayacağıq. 

Vətəndaşların internet sürəti ilə bağlı redaksiyamıza ünvanladıqları fotofaktları təqdim edirik:




Məhərrəm Əliyev, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO