Qurumların qaynar xəttində bu musiqilərin ifa olunması QANUN POZUNTUSU İMİŞ – HÜQUQİ İZAH

Qurumların qaynar xəttində bu musiqilərin ifa olunması QANUN POZUNTUSU İMİŞ – HÜQUQİ İZAH

Hazırda oxunan: Qurumların qaynar xəttində bu musiqilərin ifa olunması QANUN POZUNTUSU İMİŞ – HÜQUQİ İZAH

173852

Hər birimiz məişətdə tez-tez müəyyən problemlərlə qarşılaşırıq. Bu problemlərin bəzisi müxtəlif qurumların fəaliyyətindən qaynaqlanır. Əgər qaz, su və işığımız gəlmirsə, ağlımıza gələn ilk fikir səlahiyyətli qurumla əlaqə saxlayıb dərdimizi danışmaq olur.

Banklar da tez-tez zəng etdiyimiz müəssisələrdəndir. Son illər karqo şirkətləri də bu sıraya qoşulub.

Qurum və təşkilatların qaynar xəttinə müraciətlər çox olduğu üçün növbə sistemi yaradılıb. Vətəndaş, müştəri telefon xəttində növbəsini gözləyərkən ona demək olar ki, bütün dövlət qurumları və şirkətlər musiqi dinlədir. Bu musiqilər adətən yerli bəstəkarlarımızın musiqilərindən ibarət olur. Səslənən musiqilərin bəstəkarları içərisində həyatda olan və artıq vəfat etmiş şəxslərin adları var.

Növbə gözləyərkən musiqi dinləmək darıxmamaq üçün yaxşı addım hesab oluna bilər. Əminəm ki, peşəkar bəstəkarlar yetişdirən Azərbaycan xalqının övladları belə musiqiləri dinləməkdən məmnundurlar. Lakin burada bir məsələ var. Bəzi qurum və şirkətlərə edilən zənglər pulludur. Yəni telefonun bu başında nə qədər gözləyirsənsə, hər dəqiqəsinə görə, şirkət tərəfindən müəyyən edilmiş məbləğdə də pul ödəyirsən.

Bəs, buna görə şirkətlər həmin müəlliflərə və ya onların varislərinə qazandıqları vəsaitdən pul ödəyirlərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayev deyib ki, əgər müəllifdən icazə alınmırsa, bu, qanun pozuntusudur:

“Hər bir əsərə, ixtiraya görə müəlliflik hüququ təyin edilir. O əsər və ixtiradan kimsə istifadə etmək istəyirsə, mütləq həmin müəllif və ya onun hüquqi varislərindən icazə almalıdır. Xüsusuilə, kommersiya məqsədilə istifadə edilirsə, mütləq icazə almalıdır. Özbaşına istifadə edirsə, bu, müəlliflik hüququnun pozulmasıdır.

Buna görə müəllifin özü və hüquqi varisləri məhkəmədə iddia qaldıra və dəymiş zərəri tələb edə bilərlər. Hətta hesablamalar da apara bilərlər.

Yəni harda istifadə olunur və bundan ötrü pul qazanır, onlar o dəqiqələri hesablayıb müəyyən məbləğ tələb edə bilərlər. Gündəlik, aylıq zənglərin sayını, əsərdən neçə dəfə istifadə olunmasını hesablaya bilərlər. Burda həm maddi, həm mənəvi zərər tələb edilə bilər. 

Təəssüf ki, Azərbaycanda belə praktika çox azdır. Bəzən müəlliflər hesab edirlər ki, onların əsərlərindən hansısa müğənnilər, musiqiçilər istifadə ediblərsə və qonorar alıbsa, ondan sonra onun əsərinin ölməməsi üçün istifadə edilməsi yaxşı məqamdır. Yəni hər kəs istifadə edir, hər gün kimlərsə dinləyir”.

Hüquqşünas hesab edir ki, bu məsələlərlə yaradıcı təşkilat və ittifaqlar da məşğul ola bilərlər:

“Bu, qanun pozuntusudur və bununla barışmaq digər qanun pozuntularının törədilməsinə şərait yaradır. Ona görə də çağırış eləmək lazımdır ki, ay insanlar, belə qanun pozuntuları ilə barışmayın. Ola bilsin ki, bir çox ölkələrdə xüsusi qurumlar var. 

Bəzən də müəlliflər, yaradıcı adamlar bundan ötrü məhkəməyə şikayət etməyi özlərinə sığışdırmırlar. Yaradıcı insanların, bəstəkarlar, yazıçılar, rəssamların ittifaqları var. Bu məsələlərdə həmin qurumlar daha fəal iştirak etməlidirlər ki, həmin müəlliflər məhkəmə qapılarına düşməsin. Onlar özlərinin hüquqşünasları və resursları vasitəsilə müəllifilik hüquqlarının qorunmasında daha maraqlı olmalıdırlar”.

Hər il bəzi dövlət qurumları və şirkətlər il ərzində onlara daxil olan müraciətlərin, zənglərin sayını açıqlayırlar. Bu, olduqca böyük rəqəmlər olur və həmin rəqəmləri hesablayanda bizim bəstəkarların əsərlərindən nə qədər pul qazanıldığını bilmək elə də çətin deyil. 
Bu gün bütün bəstəkarlar və ya onların övladları heç də zəngin həyat yaşamır. Hüquqşünasın dediyi kimi qazanılan məbləğdə onların payı var. Musiqini yaşatmaq əla təşəbbüsdür, yəni biz sevə-sevə dinləyərik, siz də sevə-sevə dinlətsəniz...

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO