Energetikamızın dəyişən SİMASI – Qaz və “yaşıl” enerji” artır, neft isə... – İlham Şabanın ŞƏRHİ

Energetikamızın dəyişən SİMASI – Qaz və “yaşıl” enerji” artır, neft isə... – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Energetikamızın dəyişən SİMASI – Qaz və “yaşıl” enerji” artır, neft isə... – İlham Şabanın ŞƏRHİ

173177

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə qlobal enerji bazarlarında nisbi sakitlik olub, sanki iki il öncənin təlatümlərindən sonra bir balaca stabillik meylləri müşahidə edilir. 

Qlobal bazarlar

Neft 75-80 dollar dəhlizində və Avropa bazarlarında qaz isə 350 dollar ətrafında ticarət edilir. Baxmayaraq ki, havalar Şimal yarımkürəsində əsil qış havasıdır, isinmək üçün enerjiyə tələbat artıb, amma enerji daşıyıcılarının qiymətlərində hiss ediləcək səviyyədə artım müşahidə edilmir. Bunun səbəbi isə bazarlara kifayət qədər neft və qazın çıxarılmasıdır. Yəni alıcılar hələlik tədarük məsələlərində narahatlığa bir əsas görmürlər. Bilirlər ki, Azərbaycan kimi tədarükçülər isə söz verdisə, yolda nə baş verməsindən asılı olmayaraq dediyini zamanında çatdıracaq.    

Azərbaycanın artan qaz ixracı

Azərbaycan Prezidenti İlham Əliyev yeni ilə ənənəvi olaraq yerli Tv-lərə müsahibəsi ilə başladı. Dövlət başçısı Azərbaycanın qaz potensialı və oun hasilatının səmərəli şəkildə istifadəsi nəticəsində qlobal bazar iştirakçıları ilə əməkdaşlığın genişləndirilməsi, qaz istehlakçılarının stabil tədarükçü kimi Azərbaycana olan inamlarının daha da artırılması və bunun qarşılıqlı maraq çərçivəsində onilliklər boyu davamlı bir biznesə çevrilməsi məsələlərinə toxunub. 

Bu baxımdan cənab İlham Əliyev Azərbaycanın ildən-ilə qaz ixracı coğrafiyasını genişləndirməsinə diqqətə çəkib. Onun sözlərinə görə, bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan Azərbaycan qazının alıcısına çevriliblər. 2023-cü ilin dekabrında Serbiya-Bolqarıstan birləşdirici kəmərinin açılışı isə cari ildən Azərbaycan qazının 8 ölkəyə ixracına imkan yaradacaq bir hadisə olub.            

“Gələcəkdə bu ölkələrin sayı artacaq. Çünki biz bir neçə Avropa ölkəsi ilə indi danışıqlar aparırıq və deyə bilərəm ki, danışıqlar önəmli mərhələdədir”, deyə Azərbaycan Prezidenti vurğulayıb.

Qaz ixracı statistikası

Energetika nazirliyinin 2023-cü ilin yekunları ilə bağlı açıqladığı statistikadan isə görünür ki, ötən il Azərbaycan qaz ixracını 23,8 mlrd kubmetrədək artırıb və bunun demək olar ki, yarısı Avropa bazarının payına düşüb. Həm Avropada, həm Türkiyədə Azərbaycan qaz satışını artırıb. Qonşu Gürcüstana qaz ixracı həcmlərinin azalması o bazara marağımızın azalmasından irəli gəlmir. Bu, klimatik faktorlardan qaynaqlanır, yəni ötən il Azərbaycanda olduğu kimi Gürcüstanda da mülayim qış mövsümü keçdiyindən yanacağa tələbat azalmışdı. 

Amma Gürcüstan hökumətinin cari il üçün təsdiq etdiyi qaz balansına baxsaq görərik ki, Azərbaycandan qaz idxalını 2007-ci ildən bəri ilk dəfə 3 milyard kubmetr səviyyəsində proqnozlaşdırıb və bu həcmlər Rusiyadan idxal olunması nəzərdə tutulan qazdan düz 15 dəfə çoxdur.  

Yeni qaz infrastrukturu

Elə bu yerdə diqqətinizi Azərbaycan Prezidentinin Avropada mavi yanacağa gələcəkdə də tələbatın artması mövzusuna yönəltmək istərdim. Çünki bunlardan söhbət açarkən, o, çoxları üçün gözlənilməz olan bir məsələni dilə gətirir. “Prinsip etibarilə Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər, bunu da biz nəzərdən keçiririk”, deyə Azərbaycan Prezidenti bəyan edib və Cənub Qaz Dəhlizinin indi tam gücü ilə işləməsini, əgər bu dəhlizlə əlavə qaz həcmlərinin göndərilməsi lazım gələrsə, onda onun genişləndirilməsini söyləyib.

Dövlət başçısı həmçinin əlavə edib ki, Avropa Azərbaycanın bu sahədəki fəaliyyətini, yəni infrastrukturun genişləndirilməsini nəinki dəstəkləyir, hətta bir çox hallarda bizə müraciətlər də edib və bu müraciətlərə biz müsbət cavab vermişdik. 

“Avropa Komissiyası qeyd etdiyiniz kimi, Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Bu, bizim böyük nailiyyətimizdir. Bu, bizə böyük dividendlər gətirir, həm iqtisadi, həm də təbii ki, siyasi. Çünki sirr deyil ki, qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır. Bizim üstünlüyümüz məhz ondadır ki, biz böyük yatırım qoyaraq müasir qazpaylayıcı şəbəkə yaratmışıq. Resurs bazamız kifayət qədər böyükdür və artacaq”, deyə Azərbaycan Prezidenti bildirib.

Onda burada belə bir sual yaranır, Azərbaycanın Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hətta üzü Avropaya yeni bir qaz ixracı infrastrukturunu lazımi resurslarla təmin etməyə ehtiyatları varmı? 

Qeyd edim ki, Azərbaycanın ən böyük qaz yatağı Xəzərdə yerləşən “Şahdəniz” yatağıdır. İndiyə qədər də bu yataqdan 209 milyard kubmetr qaz hasil edilib. Energetika nazirliyinin son açıqlamasına görə, ötən il “Şahdəniz” yatağından 26,2 milyard qaz hasil edilib və layihənin operatoru olan bp-nin planlarına əsasən, bu həcm “Şahdəniz”in hasilat üzrə zirvə göstəricisidir.

Yəni bunun açıqlaması ondan ibarətdir ki, Azərbaycan “Şahdəniz” yatağında olan hasilat qurğularının imkanlarından yetərincə istifadə edir, Avropaya əlavə qaz ixracı üçün artıq yeni qaz mənbələri lazımdır.  

Abşeron yatağının perspektivləri

Məhz bu məsələni Azərbaycanın dövlət başçısı ictimaiyyət üçün incəliklərinə qədər xırdalayır. Onun sözlərinə görə, ötən il Azərbaycan özünün ikinci ən böyük qaz yatağı hesab edilən “Abşeron”un istismarına başlayıb. Keçən il hasilat başlayıb, amma bu il “Abşeron” qaz yatağından artıq 1,5 milyard kubmetr qaz çıxarılacaq. 

Burada “Abşeron” yatağı ilə bağlı son statistikaya diqqətinizi cəlb etmək istərdim. Energetika nazirliyinin məlumatına görə, 2023-cü ildə “Abşeron” yatağından 800 milyon kubmetr təbii qaz hasil edilib. Düz bir il əvvəl Azərbaycan hökuməti proqnozlaşdırırdı ki, yataqdan 600 mln kubmetr mavi yanacaq alınacaq. Yəni “Abşeron”un ilk istismar quyusu yatağın proqnozları aşan imkanlarını ortaya qoydu. 

Bundan əlavə 2024-cü ildə “Abşeron” qaz yatağının ikinci mərhələsi barədə qərar qəbul edilməlidir, yəni, şirkətlər layihənin növbəti mərhələsi üçün kapital qoyuluşlarını təqdim etməlidir hökumətə. Hökumət isə öz növbəsində Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına uyğun olaraq şirkətlər qarşısında hüquqi öhdəliyini təsdiq etməlidir ki, qoyulan vəsaitin müqavilədəki gəlirlik dərəcələri əsasında geri qaytarılmasına icazə verir. Bu qərar qəbul olunduğu təqdirdə, “Abşeron” yatağından əlavə illik olaraq 5 milyard kubmetr qazın hasil edilməsi mümkün olacaq. Çıxarılan qaz isə artıq xarici bazarlara yönəldiləcək.

AÇG-nin dərin qazı

Prezident İlham Əliyev bu il Azərbaycanı gözləyən daha bir qaz layihəsinin də anonsunu verib. Dövlət başçısı ümid etdiyini bildirib ki, qarşıya belə vəzifə qoyulub: bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” neft yataqlar blokundan “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. 

Soruşa bilərsiniz ki, bəs “əsrin müqqviləsi” üzrə qaz hasil edilmirdi? Əlbəttə edilir. Özü də 1 yanvar 2024-cü il tarixinə qədər müqavilə sahəsindən 216,3 mlrd kubmetr qaz çıxarılıb. Amma çıxarılan qaz səmt qazıdır. Yəni neftlə birlikdə hasil edilir, onun təqribən 20%-ni əmtəəlik qaza çevirmək olur, yerdə qalanı isə neft quyularına təkrar vururlur ki, lay təzyiqinin aşağı düşməsinin qarşısı alınsın. 

Ona görə də “Azəri-Çıraq-Günəşli” neft yataqlarının dərin qatlarında yerləşən təbii qazın çıxarılması ölkəmizin qaz tarixində əlamətdar bir hadisənin olacağından xəbər verir. 

Qaz gəlirləri neftdən xeyli azdır

Azərbaycan Prezidenti ənənəvi enerjidən danışarkən qaz gəlirlərinin neft gəlirlərindən qat-qat az olmasına da diqqət çəkib. Görünür ki, bunu cəmiyyətdə qaz hasilatının ildən ilə artımı fonunda gəlirlərlə bağlı yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bildirib. 

Əslində bunu hökumət etməlidir, heç olmasa parlamentə hesabat verərkən daxili bazarda satılan qazın maya dəyərinin necə formalaşdırılmasını öz vətəndaşına anlamlı şəkildə izah etməli və Dağlıq bölgədə yaşayanla Arandakı qaz istehlakçısının eyni klimatik və maddi imkanlara olmadığına da bir nəzər yetirməlidir.  

Dövlətin qazdan aldığı qazanca gəldikdə isə, ötən il Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” neftindən əldə etdiyi gəlir 6,89 milyard dollar olmuşdusa, “Şahdəniz”in qaz satışından daxilolmalar heç 1 milyarda belə çatmayıb. Baxmayaraq ki, neft ekvivalenti ilə götürsək, qazın hasilatı “qara qızıl” həcmlərindən çox olub. 

Bəs qazın gəlirləri niyə azdır? 

Bunun obyektiv səbəbləri var. Birincisi, qaz yataqlarımız neftlə müqayisədə 2-3 dəfə daha dərin laylardan çıxarılır. Xəzərin xeyli dərin hissələrində yerləşir. Dərinlik artdıqca quyu avadanlıqlarına və platformalara olan texniki tələblər də artır, nəticədə kapital qoyuluşları da dəfələrlə artır. Bundan başqa qazın nəqli prosesi də neftlə müqayisədə daha çox xərc aparan bir prosesdir. 

Amma bizim neft gəlirlərimiz də azalır. Neft Fonduna təkcə “Azəri-Çıraq-Günəşli” müqaviləsi üzrə daxilolmaların dinamikasına baxsaq, görərik ki, 2011-ci ildəki pik gəlirlərindən indi 3 dəfəyədək az gəlir əldə edirik, amma həm əhalimizin sayı artıb, həm də cəmiyyətin tələbləri, yaşayış standartları daha yüksək göstəricilərdədir artıq. Bundan əlavə qarşıda istər işğaldan azad edilmiş ərazilərdə, istərsə də Vətənizimin digər yerlərində hələ qurub-yaradılmalı olan ucsuz-bucaqsız planlarımız var.   

Azərbaycanın “yaşıl enerji”si

Təbii ki, Prezidentin enerji mövzusunda açıqlamalarında onun “yaşıl enerji” ilə bağlı fikirləri diqqətdən kənarda qala bilməzdi. Azərbaycanın “yaşıl enerji”yə marağı, COP29 kimi mötəbər beynəlxalq tədbir uğrunda inanılmaz rəqabət şəraitində ev sahibliyi əldə etmək istəyi nədən qaynaqlanır? 

Prezident sadə şəkildə izah edir: Məqsəd odur ki, biz bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmayaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər”.

Ona görə biz bu ümumi trendin içində olmalıyıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın böyük yaşıl enerji potensialı var. Təkcə Xəzərdəki külək enerjisinin potensialı 157 min meqavat həcmində qiymətləndirilir. 

Azərbaycan isə enerjinin yaşıl hissəsinə təkcə ekoloji aspektdən deyil, həm də neftdən azalan gəlirlərinin bir hissəsinin əvəvzləyicisi kimi baxır. Hazırda ölkədəki elektrik stansiyalarının qoyuluş gücü 8 QVt-dır. Və onların istehsal etdiyi elektrikin 93%-dən çoxu təbii qazın yandırılması hesabına əldə edilir ki, bu da ildə 5 mlrd kubmetr həcmdir.

Azərbaycan hökuməti orta perspektivdə bərpaedilən enerji növlərinin həcmini təqribən 10 QVt səviyyəsinə çatdırmağa hazırlaşır. Dövlət başçımızın qənaətincə, hətta əgər 10 QVt-ın yarısı realaşdırılsa belə, bu, ölkəmizə kifayət edəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO