Gərməçataq kənd yolu istifadəyə verilib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Babək rayonunun ucqar kəndi Gərməçataqda avtomobil yolunun açılışı olub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kəndin sakinləri ilə görüşüb, onları yeni yolun istifadəyə verilməsi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Fuad Nəcəfli qeyd edib ki, həmrəylik günü Ulu Öndərimizin xalqımıza miras qoyduğu ən əlamətdar tarixi günlərdən biridir:
“Dahi rəhbərin ideyaları ətrafında həmrəy olan xalqımız 2023-cü ili böyük uğurlar və qələbə ilə başa vurur. Ölkəmizdə “Heydər Əliyev İli” silsilə tədbirlərlə qeyd edilib.
Ən önəmlisi isə bu il suverenliyimiz tam bərpa olunub. Çoxlarına xəyal kimi görünən bu nailiyyətləri bir neçə ildə əldə etdik. Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad etməyi qarşısına başlıca məqsəd qoydu və Ordumuzu qətiyyətlə zəfərə doğru apardı”.
Səlahiyyətli nümayəndə vurğulayıb ki, ölkə başçısının diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilməsi, əhalinin sosial rifah halının yüksəldilməsi ilə bağlı işlər görülür:
“Prezident cənab İlham Əliyevin 2023-cü il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da bu istiqamətdə atılan addımlardan biridir.
Proqramın icrası istiqamətində ən ucqar dağ kəndinə bu cür müasir yolun çəkilməsi də elə bu hədəfə xidmət edir. Sözügedən dövlət proqramı çərçivəsində yeni ildən daha geniş tədbirlər, o cümlədən infrastruktur layihələri reallaşdırılacaq. Bir çox kəndlərdə sakinləri narahat edən su problemi müasir metodlara əsaslanaraq, həllini tapacaq. Ən ucqar kəndlərə bu cür müasir standartlara uyğun yollar çəkiləcək”.
Fuad Nəcəfli diqqətə çatdırıb ki, bütün bunlar dövlət başçımızın birbaşa tapşırığıdır:
“Bir sözlə, Naxçıvanı gələcəkdə daha işıqlı yollar gözləyir”.
Səlahiyyətli nümayəndə sakinlərə uğurlar arzulayaraq, onları fevral ayında keçiriləcək prezident seçkilərində fəal iştiraka səsləyib.
Xatırladaq ki, Gərməçataq kəndinin 4,9 km əsas və 4,5 km daxili yolları yenidən qurulub, keyfiyyətli asfalt örtük çəkilib.
Yolun üzərindəki körpü əsaslı təmir olunub. Avtomobil yolunun üzərində 3787 metr beton su kanalı, 3 su keçidi qoyulub. Yolun üzərində müvafiq yol nişanları quraşdırılıb, təhlükəsizlik tədbirləri görülüb.
Bu il rayonun Cəhri qəsəbəsinin də 3,3 kilometr məsafədə əsas yolları təmir olunub və yol kənarlarında geniş abadlıq işləri görülüb. Bu işlər çərçivəsində qəsəbənin 6,3 kilometrlik daxili yolları da yenidən qurulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:53 / 31.12.2023
Gərməçataq kənd yolu istifadəyə verildi - FOTO
Hazırda oxunan: Gərməçataq kənd yolu istifadəyə verildi - FOTO
Hazırda oxunan: Gərməçataq kənd yolu istifadəyə verildi - FOTO
171545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.