“Qonşunun 25 yaşlı oğlu qardaşımın 10 yaşlı uşağını vəhşicəsinə döyüb”.
Bizim.Media xəbər verir ki, bu şikayətlə “Qafqazinfo.az" saytına Şəmkir rayonunun Yeni Həyat kənd sakini Qöncə İbrahimova müraciət edib.
Vətəndaşın iddialarına görə, hadisə azyaşlının itə daş atmasına görə baş verib:
“Dekabrın 18-də it uşağın üstünə hürüb. O da qorxduğu üçün daş atıb. Buna görə qonşunun 25 yaşlı oğlu İltifat Süleymanov qardaşımın oğlunu döyüb. Onun atası Elman Süleymanov isə uşağı təhdid edib ki, əgər bu barədə evdə desə, onun da bacısının da başını kəsəcək, onu itə yedirəcək. Qardaşım əlildir.
Qonşularının təhdidindən evdə qala bilmirlər. Hadisənin görüntüləri kameralara da düşüb. Uşaq ekspertiza olunub və bildirilib ki, bədənində ağır xəsarətlər var. Polisə də müraciət etmişik, lakin bir tədbir görülmür”.
Şikayətçinin göndərdiyi videodan bəlli olur ki, bir nəfər uşağı tutaraq məcbur şəkildə əks tərəfə aparır. Səsə gələn üçüncü şəxs isə onun köməyinə getmək üçün ardınca qaçır.
Mövzuya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov münasibət bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə müraciət daxil olub:
“Müraciət əsasında məsələ ilə bağlı araşdırma aparılır və tezliklə hüquqi qiymət veriləcək”.
Bizim.Media