Şimal-Qərb bölgəsinin təbiətinə gözəllik qatan CEYRANLAR – FOTO/VİDEO

Şimal-Qərb bölgəsinin təbiətinə gözəllik qatan CEYRANLAR – FOTO/VİDEO

Hazırda oxunan: Şimal-Qərb bölgəsinin təbiətinə gözəllik qatan CEYRANLAR – FOTO/VİDEO

169020

Qax Dövlət Təbiət Yasaqlığının Acınohur çölü və Axar-baxar ərazisində apardığı son sayım monitorinq nəticəsində ərazidəki ceyranların sayının 89 başdan, 335 başa çatdığı məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Təbiət Yasaqlığının əməkdaşları ildə ən azı iki dəfə buradakı ceyranların sayımını həyata keçirirlər.

Dövlət Təbiət Yasaqlığının direktoru Azərçin Muradovun sözlərinə görə, monitorinq ənənəvi 7 marşrut üzrə həyata keçirilir. Belə ki, monitorinq zamanı avtomobillərlə eyni anda hərəkətə start verilir, sağ-sol və irəli istiqamətlərdə vizual müşahidə əsasında ceyranlar izlənilir.

Hər marşrut üzərində müşahidə edilən ceyranlar və ya ceyran qrupları "Sayım Cədvəli"ndə qeyd edilir. O cümlədən, sayım cədvəlinə hər müşahidədə yeni sıra nömrəsilə, dəqiq zaman, topoqrafik məlumat, bitki örtüyü, torpağın səthi kimi məlumatlar yazılır.

Muradov bildirir ki, vizual müşahidənin imkanı daxilində ceyranların yaş və cins qrupları, yaşlı erkəklər, dişilər, birillik fərdlər, bir yaşı tamam olmamış fərdlər, təyin edilməmişlər və s. də qeyd edilir.
Direktor bildirib ki, bu dəfəki sayımda kameral olaraq 7 sayım cədvəlində, ümumilikdə, 642 ceyran qeyd edilsə də, qeydlər zamanı saat və dəqiqənin, istiqamətin və qrupdakı ceyranların sayını analiz etdikdə, üst-üstə düşən qeydlər 307 baş müəyyən edilib. Bununla da, yekun nəticədə Acınohur çölü ərazisində 335 baş ceyranın qeydə alındığı müəyyən edilib. O da diqqətə çatdırılıb ki, ötən ilin eyni dövründə bu ərazilərdə 200 ceyran qeydə alınıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, WWF Azerbaijan və İDEA -nın 2010-cu ildən birgə həyata keçirdiyi "Azərbaycanda Ceyranların Reintroduksiyası" layihəsi çərçivəsində Şirvan Milli Parkından götürülərək, əvvəllər populyasiyaları mövcud olmuş, lakin şüursuz təsərrüfat fəaliyyəti və s. antropogen təsirlər nəticəsində nəsli tamamən kəsilmiş müxtəlif ərazilərə ceyranların yenidən köçürülərək yeni subpopulyasiyaların yaradılması məqsədilə Qax Dövlət Təbiət Yasaqlığının Acınohur çölü və Axar-baxar ərazisinə ceyranların köçürülməsi həyata keçirilib.

Layihənin icrası dövründə Qax DTY-nın Acınohur çölü və ətraf ərazilərə 89 baş ceyran reintroduksiya edilib. Son sayımda isə onların 335 başa kimi artdığı bəlli olub.
 





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO